RSS

Yazı 3. Əks-səda: Blumsdey

19 İyn

Bir neçə gün öncə (16 iyun) İrlandıyada – əşşi, nə irlandiyabazlıqdır, bütün dünyada Blumsdey bayramı qeyd edilirdi. Bu günün qeyd olunması ənənəsi Ceyms Coysun məşhur “Uliss” romanının baş qəhrəmanı Leopold Blumun adı ilə bağıdır – 700 səhifəlik romandakı bütün hadisələr məhz 16 iyunda cərəyan edir. Həmən günü müəllif öz gələcək həyat yoldaşı ilə ilk dəfə görüşmüşdür.

UZAQ-YAXIN YAŞIL ADA

Yox, bu yazım vaxtilə Flora Kərimovanın ifa elədiyi məşhur mahnı haqda deyil, İrlandiya və irlandlar, daha doğrusu İrlandiya, irlandlar və Mən haqqında olacaq.

İrlandiyanın gerbi

İrlandiyanın gerbi

Nəyə görə birdən-birə İrlandiya və irlandlar haqqında danışmaq (yazmaq) istədim – səbəblərini heç özüm də anlamıram. Çünki ilk nəzərdən İrlandiya heç bir zaman əsas maraq dairəmdə olan ölkə olmayıb – Bosniya, Malta, İslandiya, hətta Portuqaliya – bunlarla heç bəhs etməyə də dəyməz. Amma təxminən 2 həftə öncə təsadüfən (yəni o mənada təsadüfən ki, heç yadımda deyildi ki, 16 iyunda Blumsdey olacaq) “Uliss”i təkrar oxumağa başladım. Daha doğrusu, utana-utana etiraf edirəm – təzədən (!) oxumağa başladım, təxminən 1 il öncəki cəhdim 200-cü səhifələrdə uğursuzluqla nəticələnmişdir, bezdim, atdım qırağa. Hə, baxın, oxumağa başladım və Blumsdeydə birdən düşündüm ki, İrlandiya ilə məni xeyli şey bağlayır.

Onlar haqda xronoloji ardıcıllıqla.

İlk məhəbbət hekayəm

"Сквозь волшебное кольцо"

"Сквозь волшебное кольцо"

Belə bir atalar sözü var ki, uşaqlığı olmayanın böyüklüyü də olmayacaq. Mənim uşaqlığım olub, özü də çox maraqlı və zəngin – necə deyərlər, SSRİ-də doğulmuşlar. Düzdü, o zamanla bizim internetimiz, KaTV-miz, PS3-lərimiz, DVD və videokassetlərimiz, bəzən heç televizorumuz da yox idi, amma “salka” (içinə zamazka doldurulmuş plastmas qapaqlar), 7-şüşə və 100-daş, “bənövşə” və ortadaqaldı, roqatka və saqqız kağızlarımız, ən əsası isə kitablarımız var idi.

Nə qədər özümü xatırlayıram, oxumuşam. Hətta Dekartın sözünü dəyişib, “oxuyuram, deməli mövcudam” deyə bilərəm əminliklə. Adamın ilk kitabı nə olar?! Nağıllar – Qrim Qardaşları və Şarl Pyeronun sehrli aləmləri. Kitabxanımızdakı nağıl tolularından biri də Britaniya adaları xalqlarının “Сквозь волшебное кольцо” toplusuydu. Orda ilk dəfə Kral Artur və onun dəyirmi masa cəngavərləri, Makbet və Maykl Skott ilə “tanış olmuşam”. Amma nağıllar arasında biri var idi ki, indi də arada-sırada mənim yadıma düşür və imkan olanda onu təkrar-təkrar oxuyuram – bu, “Rorri İrlandiyanı xilas edir” nağılıdır. Bilmirəm, bəlkə də güləcəksiniz, amma onda düşdündüm ki, bu Rorri, tək də olsa, nə mərd şəxsdir. İndi də düşünürəm – Azərbaycanın Rorrilərə ehtiyacı var. Bir nəfər də meydanda döyüşçü ola bilər, əsas niyyət və iradədir.

İrlandiya-İrlandiya, ole-ole-ole!!!

İrlandiya və irlandlar haqqında tanışlığım əlbəttə ki, Rorridən sonra da davam elədi. Bu günümüzdən çönüb arxaya baxanda görürəm ki, özü də ən müxtəlif sahələrdə, ən müxtəlif hiss orqanlarımla eşitdim, duydum, gördüm bu ölkəni – istər Ginness pivəsi, istərsə də Bernard Şounun pyesləri, “Rhythm of the Dance” qrupunun təkrarolunmaz çıxışları, ən yaxşı irland futbolçuların oyunları, “Medieval: Total war“-da yaşıl rəngli yüngül irland süvarisi, və bir də İRA – həm həyatda, respublikaçıların partlayışları və Marqaret Tettçer hökümətinə qarşı “siyasi məhbus” tələbi ilə aclıqları mənim şəxsi xatirimdədir, həm də sənətdə – “Şeytanın mülkiyyəti” filmi Bred Pittlə ilk tanışlığım idi…

Çox söz demək olar, amma uzatmaq istəmirəm, tək məclisin şahı aş olduğu kimi, İrlandiya haqqında son, ən xoş, ən sevimli, ən unikal bir assosiasiyamı demək istərdim – irland roku. Rok musiqi həvəskarları məni başa düşər – “U2” və “the Cranberries“in adını çəkmək kifayət edər ki, ürək özü-özünə daha tez vurmağa, qan damarlarda daha tez axmağa, ağ ciyər daha böyük porsiyalarda O2 tələb etməyə başlasın…

Bir gün vaxt edib, mütləq “the Cranberries”in mahnıları haqqında böyük bir yazımı yazacam, amma indi bir musiqi fasiləsi – həyatımda gördüyüm ən təsirli klip. Əlbəttə ki, “the Cranberries”dən “Annimal instinct”:

İrlandiyamın bu günü

Bu gün İrlandiya mənim üçün ədəbiyyatdır. Və bu heç də təsadüfi deyil, orta əsr bardlarından tutmuş Conatan Sviftə qədər uzanan bədii irs XIX-XX əsrlərdə daha da çiçəkləndi – Bernard Şou, Oskar Uayld, Uilyam Batler Yeyts, Semüel Bekket və başqaları. Mən hətta iddia edərdim ki, XIX əsrin sonu – XX əsrin əvvəli İrlandiya qədər ədəbi inkişaf etmiş ikinci bir ölkə yoxdur (bir tək, bəlkə Norveç, amma orda da daha çox ümumi mədəni intibahdan danışmaq olar, nəinki ədəbi, çünki Hamsunİbsen kimi ədiblərlə yanaşı Munk (rəssam) və Qriqin (bəstəkar) adını çəkməmək omur).

Və əlbəttə ki, Ceyms Coys!

Ceyms Coys

Ceyms Coys

Daha öncə qeyd etmişdim – “Uliss”i oxumağa təzədən cəhd edirəm – anlayıram ki, bu, bəlkə də həyatımda oxuduğum ən çətin əsərdir, elə ona görə də oxumaq istəyirəm – yox, yox, mazoxist deyiləm, sadəcə bircə gün – 16 iyun 1904-cü ildə sanki mənim də bütün həyatım əks olunub. Düşünürəm ki, “Uliss” mənim daxili aləmimi maksimum dərəcədə əks etdirən əsərdir – yəhudi praqmatizmi və irland romantizmi, axtarıcılıq və məişət, söz və əməl deyil, fikir və niyyətlərin üstünlüyü.. Görərik. 700 səhifədə özümü kəşf etsəm, mütləq sizlərlə də bölüşəcəm.

Son söz əvəzinə

İRA veteranı öz oğluna “qəhrəmanlıqlarından” danışır:

– İngilis hərbi bazasına hücumdan sonra ehtiyat mövqelərimizə çəkilməli olduq. Tez bir zamanda yeməyimiz qurtardı. Sonra isə viski və pivəmiz də bitdi, təsvvür edirsən?! Ağzımız qurumuşdu…

– Ata, bəs suyunuz yox idi?

– İnan ki, həmən anda çimmək haqda heç kim düşünmürdü…

Müqəddəs Patrik günü

Müqəddəs Patrik günü

 
6 Şərh

Müəllif Açıq İyun 19, 2010 in Чёрная кошка, белый кот

 

Etiketlər: , , , , , , , ,

Yazı 3. Əks-səda: Blumsdey” üçün 6 cavab

  1. Ali

    İyun 20, 2010 at 8:58 səhər

    Dublinə uçuş ~ 540 avro 😉

     
    • travnik

      İyun 20, 2010 at 10:16 səhər

      – Ту тикетс ту Даблин, плиз.
      – Куда, блин?
      – Ту Даблин.

      🙂

       
  2. AmonRa

    İyun 24, 2010 at 1:22 axşam

    Əla bir yazı..
    Bax belə, oxumaq ehtiyacıma uyğun bir üslub…
    Davamlı, davamlı, davamlı…
    🙂

    Horatsilərin andı-ndan gözləyirəm ənin nə olursa olsun yazmağını…

     
    • travnik

      İyun 24, 2010 at 6:44 axşam

      Sən lap heqzametrlə danışdın 🙂
      Dəstəkçün sağol. İnşallah davamı və faydası da olar

       
  3. Togrul

    Mart 17, 2012 at 7:08 səhər

    Heqiqeten cox gozel yazmisan.Men her defe senin nese yeni bir yazivi oxumagi gozleirem))

     
  4. Emil

    Mart 17, 2012 at 5:42 axşam

    muasir dovrde ise secret gardenin adini cekmek olar

     

Ali üçün bir cavab yazın Cavabı ləğv et