RSS

Yazı 18. Əks-səda: Dünya iqtisadi böhranı

08 Apr

Lehman Brothers-in son günləri

158 illik tarixə malik investisya bankı necə çökdü

 

2008-ci ilin sentyabrında Lehman Brothers investisiya bankının müflis olması dünya maliyyə böhranının ən kəskin mərhələsinin başlanğıcı oldu. Bankın keçmiş vitse-prezidentlərindən biri Lourens Makdonald jurnalist Patrik Robinson ilə bir yerdə “Sağlam şüurun nəhəng iflası” adlı kitab yazıb. Bu kitabda onlar illər ərzində toplanmış səhvlərin Lehman-ı necə məhv etdiyi barədə danışıblar. Forbes jurnalı bu kitabın fəsillərindən birinin jurnal variantını çap edir. Kitabın özü «Альпина Бизнес Букс» nəşriyyatında dərc olunmuşdur.

"The Economist" jurnalının 27 sentyabr 2008-ci ildə çıxan nömrəsinin üz qabığı

“The Economist” jurnalının 27 sentyabr 2008-ci ildə çıxan nömrəsinin üz qabığı

… Son vasitə qalırdı – Lehman Brothers`i bütövlüklə hansısa iri banka satmaq. Lakin burada bir maneə qalırdı – Lehman`ın baş müdiri vəzifəsində Dik Fuld qalmaqda davam edirdi və istənilən məsələdə onun başının üzərindən iş görmək mümkün idisə də, tək korporasiyanın satışından başqa. Koreya İnkişaf Bankı 3 dəfə Lehman`ı almağı təklif eləmişdir, sonuncu təklif 1 səhmə görə 6,40 dollar, yəni ki, bütün korporasiya üçün cəmi $4,4 milyard təşkil edirdi. Fuld bu təklifi rədd elədi, o, bankı bir səhmə görə 17,4 dollara satmağa razı idi. Danışıqlar dayandı. Maliyyə naziri Henk Polson Fulda olduqca skeptik yanaşdığından belə hesab eləmək olardı ki, artıq Lehman`ın gələcək taleyi heç kimi maraqlandırmır.

Koreyalı alıcıların yox olmasından sonra Lehman`ın səhmləri 10 dollaracan düşdülər. Onlara mükafat şəklində verilmiş və satılması qadağan edilmiş səhmlərin sahibi olan bankın minlərlə işçisinə isə ehtiyatlarının necə əridiyini sadəcə çarəsiz izləmək qalırdı.

Bazar ertəsi, 1 sentyabr, Əmək günü idi, növbəti həftəsonuna qədər isə dünyanın ən böyük iki ipoteka bankı – Fannie MaeFreddie Mac az qala müflis olmuşdular (Polson və Federal rezervin sədri Ben Bernanki dəhşətə gəlib bozarmışdılar) və 7 sentyabrda Polson onların hər ikisini milliləşdirdi. Rəhbərlik işdən çıxarılmış, səhmlərin 80% dövlətə keçmiş, hökümət isə hər korporasiyaya lazım gələrsən $100 milyard vəd eləmişdir. Bu, bütün ölkə iqtisadiyyatı üçün sarsıntı idi.

Zərbələr bir-birinin ardınca gəlirdilər. Çərşənbə axşamı, 9 sentyabrda JPMorgan Chase`in investisiya bankçılığı şöbəsinin rəhbərlərindən biri Stiven Blek Lehman`dan Fuld və maliyyə müdiri Yan Louitlə danışıqları zamanı onlardan $5 milyardlıq əlavə təminat tələb elədi, özü də bu təminat pul ilə təqdim olunmalıydı. Əks halda Lehman`ın kredit xətti bağlanasıydı. Bu halda da artıq sentyabrın 10-da Lehman`ın hesabları dondurulası idi və deməli gündəlik xərclər – əmək haqları, komunal ödənişlər və s. üçün pul olmayasıydı. Veksellər və birgünlük repo bazarına Lehman`ın çıxışı çoxdan bağlanmışdır.

JPMorgan Chase`in baş müdiri yunan mühacirlərinin oğlu, Harvard məzunu və dünyanın ən məşhur maliyyəçilərindən biri, Citigroup`un yaradıcısı və BankOne`ın keçmiş baş müdiri 52 yaşlı Ceymi Daymon idi. Uoll-stritdə belə bir rəvayət dolaşır ki, 2006-cı ilin oktyabrında o, kofe plantasiyası üçün yer səçərkən Ruanda cəngəlliklərindən zəng edərək yüksəkriskli girov kağızlarının hamısından imtina etmək göstərişi vermişdir, “çünki bu zir-zibil məhv ola bilər”.

Lehman`ın gələcəyi artıq bir neçə həftə idi ki, Daymonu rahat qalmağa imkan vermirdi və onun sonarı yerə basdırılmış tankı aşkar etmiş minaxtaran kimi dayanmadan səs verirdi. Hələ iyul ayında Daymonun yanında risklərin idarə edilməsi şöbəsi Lehman Brothers`dən borclar üzrə əlavə təminat tələb etmişdir. $5 milyard məbləğinə təminat yalnız avqust ayında gəldi, özü də JPMorgan Chase`in $5 milyarddan daha aşağı qiymətə dəyərləndrdiyi strukturlaşdırılmış qiymətli kağızlar şəklində. Lehman bu gün-sabah əlavə kapital cəlb edəcəyinə inandırmağa davam edirdi və Daymon da ehitmalən buna inanırdı.

Sentyabrın 4 aydın oldu ki, Lehman pul tapa bilmədi və JPMorgan Chase yenə də $5 milyard ayrılmasını tələb elədi, amma mütləq pul ilə. Çünki qiymətli kağızların birinci tranşı artıq dəyərdən düşmüşdür və qiymət milyarddan çox deyildi. Vəsaitlər daxil olmadı. Buna görə də 9 sentyabrda Daymonun bankı növbəti dəfə $5 milyard tələb edəndə bu, Lehman üçün sürpriz olmadı. Fuld $3 milyard ayırmağı təklif elədi, bununla da öz kreditorlarını daha çox həyəcanlandırdı. Bundan sonra Daymon bildi ki, sabahı gün Lehman zərərlər haqqında elan etməyi planlaşdırır və telekonfransı Fuld özü aparacaqdır. Bu xəbər anında bütün Uoll-stritə yayıldı. Bəziləri inanırdı ki, zərərlər haqqında ilkin rüblük hesabat gərginliyi azaldacaq və gələcəkdə milyardlıq vədlərlə bir yerdə şirkəti zərbə altından çıxaracaq. Amma Daymon dəhşətə gəlmişdi. Citigroup`dan olan həmkarının dəstəyi ilə o, Lehman`ın idarə heyətinin kapital bazarlarından işə məsul üzvü Mayk Gelband ilə təcili görüşmək barədə sözləşdi. Onlar Maykı zərərlər haqqında əvvəlcədən elan etməməyə inandırmağa çalışdılar, çünki əlavə kapital olmayan vəziyyətdə bunlar nahaq yerə bazarı təlatümləndirəcək.

Lakin Lehman`ın nümayəndələri buna etiraz edərək bildirdilər ki, Fuld investisyaların idarə olunması üzrə Neuberger Berman şirkətini satıb $8 milyard cəlb etməyi planlaşdırır. Daymonun adamları Berman`a görə heç kimin $3 milyarddan çox verməyəcəyini bildirdilər, Lehman`ın isə ən azı $4 milyarda ehtiyacı var idi.

Sabahı gün düz səhər saat yeddidə dördüncü mərtəbənin konfrans-zalında Lehman`ın 80 patriotu şirkətin gələcəyini müzakirə etmək üçün bir araya gəldilər. Riçard Fuldun Lehman`ın vəziyyətini yaxşılaşdıracaq çıxışına bir neçə saat qalırdı. Zala toplaşan şəxslər diqqətlə icraçı direktor Tom Hamfri və qəti gəlirli alətlər şöbəsinin yeni rəhbəri Erik Felderə qulaq asırdılar. Onlar qısa şəkildə xilas planından danışdılar. Bu plana əsasən Lehman`ın dəhşətli kommersiya təyinatlı daşınmaz əmlak portfelini başqa yerə keçirmək gərəkirdi. Bu halda, Lehman özünün kommersiya təyinatlı daşınmaz əmlakı üzrə zərərverici öhdəliklərini yeni şirkətin üzərinə köçürən kimi bircə hərəkətlə onları öz balansından götürəcək və bankın səhmləri yenidən 20 dollaracan qalxacaqdır.

Zalda tam sükut çökür. Birdən-birə kiminsə qəzəbli və acıqla dolu səsi güruldayır. Zalın düz ortasında tabeçiliyində 150 nəfər olan inkişaf etməkdə olan bazaralarda ticarət şöbəsinin müdiri Mo Qraymi ayağa qalxıb qışqırmağa başlayır.

“Necə yəni? – Mo bağırırdı. – Bunların hamısı bekara şeylərdir? Lənətə gəlsin, bəs idarə heyətindəki bu axmaqlar son 2 ayda nə işlə məşğul olublar? Nə işlə, mən sizdən soruşuram? Mənim başımı gic eləməyin. Sizin başqa planınız yoxdursa deməli biz məhv olmuşuq”.

Zalda dəlixana başlayır: qışqırıqlar, havaya qalxmış əllər, qəzəbli sifətlər. Lakin ən qəzəbli Mo idi. O dayanmadan qışqırırdı: “Sizin ananızı belə-belə, biz sadəcə dolları sağ cibimizdən götürüb sol cibimizə qoyuruq – borclar ki, olduğu kimi qalır və biz heç gözümüzü də qırpmağa da macal tapmadan, bir anda müflis olacıq. Bu nə sayıqlamadır? Bazar anında vəziyyətimizi başa düşəcək”.

Məsələ onda idi ki, daşınmaz əmlakı balansdan ən tezi yanvarda, yəni 4 ay sonra götürmək olardı, Lehman`ın isə ən geci 3 gün ərzində bütün korporasiyanı alacaq birisinə ehtiyacı var idi. Mo buna görə əsəbiləşmişdi: bu plan kömək etməyə bilərdi.

Telefon konfransının çaşqın iştirakçıları bankın tək üçüncü rübdə $3,9 milyard itirdiyi xəbərini həzm edərkən bu vəziyyətdən asanlıqla necə çıxmaq mümkün olduğunu başa salmaq üçün sözü Dik Fuld aldı.

O inamlı, hər hansı canfəşanlıqdan uzaq danışırdı. Fəaliyyət göstərmək əzmi üz qabağında idi, lakin eyni zamanda Fuldun davranışlarında vaxtilə bu köhnə döyüşcünü fərqləndirən mübarizlik hiss olunmurdu. O, “kommersiya və yaşayış təyinatlı daşınmaz əmlak sahəsində bizim aktivlərin kəskin azaldılması” haqqında, “risklərin ciddi azaldılması” haqqında və “müştərilərə xidmətlərin göstərilməsi ilə əlaqəli istiqamətlərin möhkəmləndirilməsi” haqqında bəyanatlar verdi. Fuld bildirdi ki, “bütün bunlar şirkətə gəlirliliyini bərpa etməyə imkan verəcək və risklərə müvafiq dərəcədə aktivlərdən gəlirlər əldə etmək qabiliyyətimizi möhkəmlədəcək”. Lehman`ın müştəriləri, partnyorları və əməkdaşları arasındakı həyəcana görə məsuliyyəti o tamamilə həddən artıq işlərə qarışan nəzarət orqanlarının üzərinə qoydu.

Fuld xəbər verdi ki, əlavə kapitalın cəlb olunması üzrə danışıqlar son mərhələdədir, dividendlər isə bir səhmə görə 0,05 sentədək endirilib. Eyni zamanda o Lehman`ın borcunun $660 milyarrd olmasını ötəri qeyd elədi. Fuldu dinləyənlərin yaddaşında onun, Lehman`ın əlində olan nəhəng daşınmaz əmlak portfelinin qiyməti çox cüzi dəyişməsi barədə iddiası qalmışdır. Lakin şirkətin rəhbərliyində belə hesab edirdilər ki, belə şey mümkün ola bilməz və Daymon da buna inanmadı. Lehman`ın əsas kreditoru artıq Fuldun xilas olacağına inanmırdı.

Elə Fuldun öz nitqini söylədiyi zaman Nyu-York fond birjasında bizim səhmlərimizin qiymətləri 10 illik minimum səviyyəsinə endilər – bir səhmin qiyməti cəmi 7 dollar təşkil edirdi. Fuldun nitqi də kömək olmadı, 6 aya görə zərərin $6,7 milyard təşkil etməsi barədə xəbər o dərəcədə ağır oldu ki, Fuldun etiraflarının ziyanı açıq-aydın idi.

Sabahısı gün, cümə axşamı, 11 sentyabrda JPMorgan Chase bankı Lehman`ın hələ də tələb olunan $5 milyard həcmində girovun təqdim etmədiyini aşkar etdi. Yarım il əvvəl FRS-in tələbi ilə Bear Stearns investisiya bankına fövqəladə maliyyə inyeksiyaları həyata keçirmiş Daymon dərhal Lehman`ın kredit xətlərini bağlamaq göstərişini verdi. Lakin hələ sərəncamında qalmış bütün vasitələrdən istifadə edən, o cümlədən London ofisindən $2 milyard çıxarmış Fuld cümə günü günün sonunadək lazın olan məbləği toplaya bildi – artıq $8 milyard tələb olunurdu.

Fuldun başı sərbəst vəsaitlərin axtarışına qarışdığı vaxt bir neçə icraçı direktor Bank of America ilə birləşmək üçün hazırlıqlarla məşğul idilər. Lakin bu məsələdən bir şey çıxmadı. Əslində Bank of America borcları Lehman`dan çox olsa da 16000 istehlak brokeri və 3 milyon fiziki şəxsin broker hesablarına malik Merrill Lynch ilə birləşmək istəyirdi. Merrill Lynch`də xüsusilə cəmi aktivləri 1 trilyon dollardan çox olan pensiyaçıların hesabları gəlirli idilər. Amma son nəticədə Bank of America federal hökümətin yardımına ümid etmədiyini əsas gətirərək bu birləşmədən də imtina etdi.

Bank of America ilə birləşmə planlarının puç olması haqqında xəbərlər Lehman ofisinə çatandan üç dəqiqə sonra bankı bir üsyan ruhu bürüdü və yüzlərlə insan Fuldun dərhal istefasını tələb edirdi. Üçüncü mərtəbədə otuz metrlik cənub divar Fuldu və bu böyük bankın məhv olmasında müqəssir olanların hamısı lağa qoyan və təhqir edən nəhəng elan lövhəsinə çevrildi. Burada Dikin və Lehman`ın keçmiş prezidenti Co Qreqorunun çiyin-çiyinə smokinqdə nəhəng fotosu var idi, onun altından “Axmaq və daha da axmaq” yazılmışdır. Henk Polson Dik Fuldun başında oturmuş təsvir olunmuşdur, altından isə “Maliyyə nazirliyi ilə tam anlaşıqlığa nail olduq” yazılmışdır.

Sonuncu şans kimi İngiltərənin Barclays bankı qalırdı. Lakin o da özünü insafsız alverçi kimi aparırdı: təmin olunmuş hər şeyi alıb $50 milyardlıq şübhəli aktivlərdən imtina edirdi.

Artıq məlum idi ki, Bank of America qırağa çəkilib, Maliyyə nazirliyi isə bizə kömək edəsi deyildi. Batan gəminin ətrafında akulalar dövrə vurduğu kimi bizim də başımızın üstünü jurnalistlər almışdılar. Yeddinci avenüdə Lehman`ın binası qarşısında sofitləri, kamera və mikrofonları ilə televiziyaçılar yer almışdılar, ətrafda intervyu alacaq birisini axtaran müxbirlər və göz yaşlı və ya həyəcandan danışıq qabiliyyətini itirmiş birisini çəkməyi arzulayan fotoqraflar fırlanırdılar.

Axşam çox qızğın keçdi, gecə saat birəcən mən yüzə yaxın adamla danışmışdım. Hətta mobil telefonumun batareyası da boşalmışdır. Şənbə günü səhər Lehman`ın iki icraçı direktoru Aleks Kirk və Bart Makdeyl Lehman`ın baş hüquqşünası Cim Sirinin müşaiyyəti ilə FRS-in Nyu-York nümayəndəliyinə getdilər. Günortadan bir qədər əvvəl Lehman`da problemli istiqrazların təhlilinə cavabdeh olan Kristina Deyli zəng elədi: “Hər şey bitib. Onlar müflis elan olunmaq üçün ərizə verirlər”.

Eyni zamandan Lehman`ın nümayəndələri hələ də Federal rezervin Liberti-stritdəki beton qalasında döyüşürdülər. Lakin Henk Polson çox güman ki, Lehman`ın qurban verilməsi barədə qərarı artıq çoxdan qəbul eləmişdir. O, Bear Stearns`in xilas olunması üçün dəridən-qabıqdan çıxsa da, Lehman`nı özünə birləşdirməyə çalışan Bank of America`ya kömək etmək istəmədi, indi də Barclays`a kömək edəsi deyildi. Britaniyalılar deyəsən hələ də Lehman`ın bir hissəsini almaq istəyirdilər və hətta şənbə səhəri Britaniya nəzarət orqnalrının razılığı alınan kimi müqavilənin bağlanmasının mümkünlüyünü iddia edirdilər.

Fuld hər iki saatdan bir Polsona zəng edirdi. Lehman`ın bu zibilə öz günahlarından düşdüyünü və buna görə də səhnəni tərk etməli olduğunu düşünən Maliyyə naziri şəxsən Fuldun özündən xoşu gəlmirdi, amma eyni zamanda Polson qorxurdu ki, bu iflas dünya bank böhranının başlanğıcı ola bilər. Henk əvvəllər Goldman Sachs üzrə keçmiş həmkarı və köhnə dostu olmuş, indi isə Merrill`in baş müdiri olan Con Teyni bir kənara çəkərək onu əməllicə tənqid elədi. Bundan sonra Teyn Bank of America`nın baş müdiri Ken Lyuisə zəng edərək ona görüşməyi təklif elədi. Çox güman ki, hamı, özləri də başa düşmədən bir neçə ay öncə Bank of America`nın Countrywide şirkətini xilas etdiyi ssenari təkrarlayırdı, indi də elə Bank of America yenidən kimisə maraqlarına xidmət edərək Merill`ə elçi düşürdü.

Bu danışıqlar Lehman`ın vəziyyətini heç də yaxşılaşdırmadılar. Lehman`ın adından danışıqlar aparan şəxslər hər yerdə idilər, vəziyyəti bankir və hüquqşünaslarla müzakirə edirdilər. Hətta Barclays`ın ölkənin ən ağır portfelini dəyərləndirməsi üçün Lehman`da kommersiya təyinatlı daşınmaz əmlak portfelinə cavabdeh Mark Uolş da cəlb olunmuşdu. Barclays`ın əməkdaşları Bart və Aleksi diqqətlə sorğu-suala tutmuşdular. Onların gəldiyi əsas qənaət ondan ibarət idi ki, “Lehman öz aktivlərini son dərəcə yüksək dəyərləndirirmiş – bu Fuld nə haqda, harasıyla düşünürmüş? O və Qreqori yaman adamlarmış”.

Şənbə gününün ortalarında Barclays`da qərara gəldilər ki, onlara dünyada ən az lazım olan şey varsa o da Lehman`ın kommersiya təyinatlı daşınmaz əmlak portfelidir. Bundan sonra Fulda yalnız beş dəqiqədən bir Lyuisin evinə zəng edib onun ailə üzvlərini dəli eləmək qalırdı. Həmin gün Lehman`ın tarixində ən uzun gün olmasa da yüz faiz Ken və Donna Lyuisin həyatlarında ən uzun gün olmuşdur.

Şənbə gününün axşamı CNBC televiziya şirkəti artıq Lehman`ın iflası haqqında açıq-açığına danışırdı. Bazar günü səhərdən Lehman`ın mənzil-qərargahının ətrafı müxbir və televiziyaçılarla dolu idi. Polis ofisə gələn yüzlərlə işçiyə yol vermək üçün səkini əhatəyə almışdır. Mən pəncərədən baxaraq qabiliyyətli və işgüzar həmkarlarımın əllərində qutular və çantalarla bir-bir qapıdan necə çıxdığını müşahidə edirdim.

Mən müxbirlərin əhatə etdiyi Ceremiya Staffordu gördüm. O, Uoll-stritin ən güclü və sürətli treyderlərindən biri idi, onu gələcəkdə bu dünyada ən yüksək vəzifələr gözləyirdi, o isə başında qırmızı beysbol papağı, qoltuğunun altında isə şəxsi əşyaları olan qutu ilə jurnalistlərin əhatəsində dayanmışdı. Hətta küçənin bu tayından da onun göz yaşlarını saxlaya bilməyərək jurnalistə bu cür finalı hamı gözlədiyini və buna görə həmkarları ilə bir yerdə məsuliyyət daşıdığını etiraf elədiyi görünürdü. Jurnalistlərdən ayrılıb gedəndə o tək “Burada işləmək böyük şərəf idi” demişdir.

Ofisə gələn insanların sırası kəsilmirdi, hamı qorxurdu ki, Lehman müflis elan olunduğu halda hökümət binanı ələ keçirərək bütün giriş-çıxışları bağlaya bilər. Lakin formal iflas prosesi hələ başlamamışdır, buna görə də bəziləri yaxşı sonluğa ümid eləsələr də əksəriyyət başa düşürdü ki, hər şey artıq bitib. Əks halda yüzlərlə jurnalist Yeddinci avenüdakı 745 nömrəli binanın ətrafına niyə yığışmışdı?

Heç kəs bilmirdi və əlbəttə ki, bilə də bilməzdi ki, bu səhər təxminən 9:30-da FRS-in konfrans-zallarından birində son ümid işığı işıldadı. Polson və Nyu-Yorkun Federal rezerv bankının rəhbəri Timoti Qaytner aparıcı bankların rəhbərlərini bir yerə topalayaraq onları Lehman`ın balansındakı $40 milyard dəyərində olan kommersiya təyinatlı daşınmaz əmlakın alınması üçün əməliyyatı maliyyələşdirməyə razı saldılar. Barclays`dan olan adamlar məhz bunu arzulayırdılar və sazişin bağlanması yenidən mümkün oldu.

Digəriləri kimi Bart və Aleks də səhər saat altıdan FRS binasında idilər. Mayk Gelband Lehman`ın hüquq müşaviri olan Simpson, Thatcher and Bartlett şirkətinin kabinetində oturaraq hüquqi və maliyyə auditi məsələlərini müzakirə edirdi. Saat ona yaxın Bart Mayka xəbər verdi ki, Barclays onlara qənaətbəxş təklif edir.

Mayk rahat nəfəs aldı. Lakin iyirmi dəqiqə sonra hər şey yenidən qeyri-müəyyən oldu. Bartdan yeni məktub gəldi: problem yaranmışdır. Daha doğrusu, iki problem. Birincisi, Britaniyanın Maliyyə xidmətləri idarəsi Britaniya maliyyə sistemini amerikan problemləri ilə yükləmək istəmədiyindən sazişin bağlanmasına razılıq verməkdən imtina edirdi. Polson şəxsən özü Londonu inandırmağa çalışsa da bu, uğursuz nəticələndi. Kimsə belə bir təklif irəli sürdü ki, ABŞ Maliyyə nazirliyi riskin bir hissəsini üzərinə götürərsə britaniyalılar razılıq verəcəklər, lakin bu dəfə artıq Polson imtina elədi.

Bundan da daha mühüm məsələ Barclays səhmdarlarının razılığının alınması idi. Henk heç cür imkan verə bilməzdi ki, britaniyalı səhmdarlar ABŞ Maliyyə nazirliyinin qarantiyalarını rədd eləsinlər. Bütün bunlar barədə günün sonunadək razılığa gəlmək lazımıydı. Çünki bazar ertəsi işə başlamaq üçün bankın pulu artıq yox idi – kreditlər lazım idi, Daymon isə Lehman`ı bundan sonra da kreditləşdirməkdən imtina edirdi. Birləşmiş Ştatların ən nüfuzlu bankirləri iki həllolunmaz problem qarşısında donub qalmışdılar, bu arada Barclays da geri çəkilməyə başladı.

Şənbədən bazara keçən gecə kredit derrivativləri üzrə analitik Pit Hemmek ilə mənim uzun çəkən danışığım oldu. O həmişəki kimi belə bir əqli nəticəyə gəldi ki, Polson Lehman Brothers`i istənilən halda xilas etməli olacaq. Əks halda maliyyə dünyasını əsl fəlakət gözləyirdi. Pitin fikrinə əsasən “Hər şey “kredit-defolt” svoplarına dirənirdi. Onlar $72 trilyon məbləğinə hesablanmışdır və onları 17 bank saxlayır. Tək elə Lehman`da onlar $7 trilyon dəyərindədir. Lehman əsas brokerlər qrupuna daxildir – Henk bizim məhv olmağımıza yol verərsə başqaları ilə nə olacaq? Əsl armagedon”. Amma bu da məsələnin hamısı deyildi. O davam edirdi: “Yüz hedc-fondun Lehman Brothers`də broker hesabı və hər birində $500 milyon varsa $50 milyard məbləğində səhmlərin satışına səbəb olacaqdır. Belə satış isə sunamiyə səbəb olacaq. Amma hedc-fondların da beşqat və ya onqat kredit vasitəsilə işlədiyini nəzərə alsaq vəziyyət lap pisləşir. Bu deməkdir ki, artıq $500 milyard məbləğində səhm, istiqraz, törəmə kağızların və digərilərinin satışı tələb olunacaqdır. Bu isə artıq meqasunamidir. Henkin sadəcə seçimi yoxdur: bu fəlakətin qarşısını almaq lazımdır”. Heç bir müasir bazar bu cür miqyasda sathasatla üz-üzə gəlməyib.

İcraçı direktor Larri Makkarti ilə biz Pitin fikrini bölüşdürmürdük. Larri ona xas həyasızlıq ilə “Bizim sonumuz gəlib, – dedi, – Çünki Henk və onun adamları mühasibat hesabatlarını görüblər”. Şəxsən mən belə hesab edirdim ki, Polson kapitalizmi müdafiə etmək naminə döyüşə girişməyə və bazara işləri tamamlamağa imkan verməyə niyyətli idi. Yeganə problem o idi ki, sonunda heç kim sağ qalmayasıydı.

Bazar günü təxminən axşam saat səkkizdə Lehman adından danışıq aparan şəxslər FRS-in binasından qayıdaraq 31-ci mərtəbəyə qalxdılar. Bart Makdeyl birbaşa Fuldun adamlarla dolu otağına keçib xilas əməliyyatı olmayacağını bildirdi, hər şey bitmişdir və Lehman Brothers`ə iflas proseduruna başlamaq göstərişi verilmişdir.

Bizim baş müdir çaşmışdır. Dünya tarixində ən böyük – $660 milyard məbləğinə müflisləşmə gözlənilirdi. Hər kəs federal höküməti artıq Lehman`ın sağ qalıb-qalmaması məsələsinin maraqlandırmadığına tabe olsa da son bir cəhdi etmək qərara alındı – Nyu-York Federal rezerv bankının rəhbəri Qaytnerə zəng etmək.

Fuldun hüquq müşaviri Tom Rasso nömrəni yığırdı və idarə heyətinin on beş üzvü səssiz-səmirsiz onu izləyirdi. Axşam saat 8:20 idi. Qaytner özü yerində yox idi, yalnız onun müavini ilə danışa bildik. ABŞ maliyyə tarixində ən drammatik iflas yaxınlaşırdı, Qaytneri isə tapmaq heç cür mümkün olmurdu. Ona zəng edirdilər, avtocavablandırıcılarda mesajlar qoyurdular.

Amma Tom sanki yox olmuşdur. Ola bilər ki, bu, təsadüf idi, lakin bütün bunların düşünülmüş plan olduğu fikrindən azad olmaq olmurdu.

Onda son vasitəyə əl atmaq qərara alındı. Çox incə məsələ idi, amma başqa çıxış da yox idi. İdarə heyətinin üzvlərindən biri Sarmaşıq liqası məzunu, Uorton biznes məktəbi diplomlu investisiya bankiri Corc IV Uoker idi. O, ABŞ prezidenti Corc Buşun uzaq qohumu idi – onların babalarının babası bir idi. Otuz doqquz yaşlı Uoker başqaları kimi vəziyyətin ağırlığını və perspektivlərini başa düşürdü – karyerasının məhvi və şəxsi sərvətinin itirilməsi. Gelbland prezidentə zəng etməsi xahişi ilə ona müraciət elədi ki, qohumu bu işə qarışsın.

Tək Ağ evə zəng fikrindən Uokeri saçlarının dibinə kimi tər basır.

– Düşünmürəm ki, bu doğrudur, – deyə o cavab verdi.

Lakin Gelblandın itirəcəyi bir şeyi yox idi. O, Corcu kənara çəkərək açıq-açığına o zəng etməyəcəyi təqdirdə “dünya bazarlarının məhv olacağını” dedi.

Corcun rəngi qaçır.

– Mən sənə əmr etmirəm, — Mayk təzyiqi dayandırmırdı. — Mənim buna hüququm yoxdur. Corc, sənin qarşında diz çökürəm. Xahiş edirəm, ona zəng elə, zəhmət olmazsa. Bu bizim son şansımızdır.

Qəti gəlirli alətlər şöbəsinin müdiri Erik Felder də Mayka qoşulur.

– Corc, bizi dünya fəlakəti gözləyir. Onlar nə etdikırini başa düşmürlər. Mən də Maykı dəstəkləyirəm, sənə yalvarıram.

Caşmış Uoker otağı başdan-başa keçib telefonla danışan Dik Fulda nəzər salır, daha sonra isə kitabxanaya yollanaraq ABŞ prezidentinin nömrəsini yığır. Mayk Uokerin prezidentin mənzili ilə calanmasını istədiyini eşidirdi. Aydın idi ki, operator ailə üzvü üçün çalışır amma nəsə alınmırdı və sonunda telefondan dəstəyindən:

– Üzr istəyirəm, cənab Uoker. Prezident hal-hazırda telefona yaxınlaşa bilmir, – eşidildi.

Uoker edə biləcəyi hər şeyi etmişdir. Hamı son dəfə Dik Fuldun masası ətrafında toplaşdı. Məşhur hüquqşünas Harvi Miller özünün Weil Gotshal`dan olan həmkarları ilə artıq gəlmişdilər və iflas haqqında lazımi sənədləri hazırlayırdılar. Təxminən gecə saat ikidə müflisləşmə haqqında ərizə artıq doldurulmuşdur. Beləliklə 2008-ci ilin 15 sentyabrında 158 illik tarixə malik investisiya bankı həlak oldu. Bu, dünya tarixində ən böyük iflas idi.

 

Advertisements
 

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: