RSS

Yazı 16. Əks-səda: Adsız № 6

13 Fev

7622954

İki müəllim haqqında xatirəm və daha nələrsə

Erkin deputatlığa namizəd olarkən onunla bağlı bəzi xatirələrimi bölüşmüşdüm. Yazımda da belə başlamışdım:

“Uzaq-uzaq 1998-ci ildə … bizim üçün “Xarici ölkələrin dövlət və hüquq tarixi” və “Ümumi dövlət və hüquq nəzəriyyəsi” kimi adıuzun fənlər yox idi – bizdə “Elbəyin fənni” və “Erkinin fənni”, hətta, bundan da qısa – “Elbəy” və “Erkin” var idi.”

Və o zaman bizim seçim imkanımız var idi. Əlbəttə, hansı fənni oxumağımız, hansı fənni isə rədd edə bilməmiz seçimi deyil, sadəcə olaraq hansı fənnə, onun predmeti, metodologiyası və əlbəttə ki, tədris edən şəxsə daha çox rəğbət bəsləmə seçimi. Tələbələrin əksəriyyəti əlbəttə ki, seçimi “Ümumi dövlət və hüquq nəzəriyyəsi”nin xeyriənə etdilər, kimisi müəllimin cavan olmasına görə, kimisi qayıbı yazmadığına görə, kimisi fənninin mücərrəd olduğuna görə. Çoxusuna elə gəlirdi ki, “Tarixdə” çox sayda dəqiq ad və rəqəmlər yadda saxlamaq tələb olduğundan “Nəzəriyyədə” onlar ordan-burdan basıb-bağlamaqla quyruqlarını sudan çıxara biləcəklər. Onların necə yanıldıqlarını 1999-un iyununda Məsumə xanımın iştirakı ilə keçirilən dövlət imtahanı göstərdi. Əslində o zaman da Erkin dönə-dönə vurğulayırdı ki, “Nəzəriyyə” daha çox növbəti 4 il üçün ilkin bilikləri verən fənn deyil, 4 il ərzində qazanılmış pərən-pərən bilikləri ümumiləşdirəcək bir fənn olmalıdır. Amma kim idi ona qulaq asan?! Nə isə.

Mən isə əsl əzbərçi və botan kimi dərhal “Tarixi” sevdim. Tək tarixin ən sevdiyim fənn olduğundan deyil, həm də 1 gün öncə universitet auditoriyasının qapısından keçmiş şəxs üçün hər şey ən azından aydın idi: dərslik nədir, müəllim nə tələb edir, nəyi diqqətlə öyrənmək lazımdır. 9 ay ərzində gündə ən azı 4 saat tarix oxuyurdum. Əslində belə əməksevərliyimin çox böyük faydası oldu. Təsadüfi deyil ki, magistraturanı bitirərkən 4 nəfərlik qrupda tək mən dissertasiyamı “Tarix” üzrə müdafiə etmişdim. O zaman da tez-tez bu sözləri eşirdirdim, indi də yəgin tələbələrin dilindən düşmür: “Ümumiyyətlə bu tarixi neynirik biz?! Hamurappidən bizə nə?!”. Bir gün bu barədə yazacam. Amma “Tarix” çox faydalı və laızmlı bir elmdir. Heç bir elm, hətta tarixin özü də, özünün tarixinə əsaslanmır, belə varislik əlaqələrinə malik deyil. Məhz buna görə də bu gün də hətta bizimki kimi bərbad “Yurfakda” da “Xarici ölkələrin dövlət və hüquq tarixi”ni də, “Latın dili”ni də, “Roma hüququ”nu da ayrıca fənn kimi tədris edirlər.

Bu “Xarici ölkələrin dövlət və hüquq tarixi” kursu çərçivəsində hamısı çox maraqlıdır, amma orta əsrlərə xüsusi rəğbətim var, bilirsiniz. Tez-tez belə bir söz eşidirik, “Əşşi, Azərbaycanda nə sosializm olub, nə də kapitalizm olacaq, bizdə feodalizmdir”. Bu fikir barədə düşündüm. Əksəriyyətinin feodal dövləti haqqında çox səthi məlumatlı olduğundan dedim bəzi məsələlərdə aydınlıq gətirim. Qısa bir analogiya aparsaq –

Feodalizm öz inkişafında 4 əsas mərhələdən keçir:

– Erkən feodal monarxiya – monarx getdikcə güclənir, hələ də (hərbi) demokratiya əlamətləri qalmaqdadır, əhalinin çoxusu azad döyüşçü və istehsalçı kimi qəbul olunur, monarx öz yaxınlarına xidmət müqabilində şərtli müxtəlif nemətlər paylayır;

– Feodal pərakəndəlik – monarxın şərtli payladığı nemətlər xüsusi mülkiyyətə çevrilir, monarx yalnız ənənəyə görə digər feodallar arasında hörmətə sahibdir, amma heç də ölkədə ən zəngin və ən nüfuzlu olmaya bilər, müxtəlif güclü feodallar və onların qruplaşmaları arasında tarazlıq tapmaq üçün getdikcə onlara daha çox azadlıqlar verməyə məcburdur, bu da daha çox özbaşınalıqlara səbəb olur, feodallar öz aralarında və monarxla müharibələr aparırlar, təbəqləşmə sürətlənir, kəndlilər təhkimliyə çevrilir;

– Silki-nümayəndəli monarxiya – monarx hakimiyyətini gücləndirmək üçün iri feodallar arasındakı və xüsusilə iri və xırda feodallar arasındalı ziddiyyətlərdən istifadə edərək və şəhərlərdə inkişaf edən burjuaziyaya arxalanaraq qərarları onların rəyi ilə qəbul eləməyə başlayır, ölkədə administrasiyanın, pul dövriyyəsinin, hüquq praktikasının unifikasiyası gedir, eyni zamanda kənd və şəhər arasında kəskin əmək bölgüsü baş verir, kəndlilərin böyük əksəriyyəti təhkimliyə çevrilsələr də zamanla kənddə də kapitalizm cücərtiləri yaranır;

– Mütləq monarxiya – yetəri qədər güclənmiş monarx ölkənin müxtəlif hissələri arasında əlaqələrin güclənməsinə, pul-əmtəə dövriyyəsinə nail olur, artmış gəlirləri nəticəsində artıq yeni vergilər və qanunlar üçün ictimaiyyətin rəyini almağa ehtiyac görmür və ölkəni tamamilə təkbaşına idarə edir, keçmiş feodallar zadəganlara çevrilir, böyük sərvətləri hesabına monarxın ətrafına parazitik həyat tərzi sürürlər, burjuaziya getdikcə iqtisadi həyatda domninanta çevrilir.

1990-2000-lərin Azərbaycanına baxaq:

– 1990-ların ilk parlamentlərində hələ müxalifət var, qəzetlər dərc edilir, dövlət başçısı ona sədaqət və yaxşı qulluq müabilində müxtəlif şəxslərə çörəkli vəzifələr paylayır, amma aralarındakı süzeren-vassal razılığının pozulması müqabilində dərhal ala da bilər.

– 2000-lərin əvvəlində yeni dövlət başçısı hakimiyyətdə möhkəmlənmək üçün iri-iri məmurların imtiyazlarını artırır, onlara verilmiş vəzifələr şərtlidən şərtsizə çevrilir, illərlər eyni vəzifədə şəxsin qalması zamanla onu irsiyə çevirmə imkanı yaradır, ölkədə dövlət başçısından daha zəngn şəxslər meydana gəlir, iqtidardaxili müxalifət yaranır, iri məmurlar öz siyasi-iqtisadi maraqları naminə müharibələrə başlayırlar, kimlərsə məğlub olur.

– 2000-lərin sonunda dövlət başçısının ailəsinə məxsus domen getdikcə güclənməyə başlayır, o iqtisadiyyatı müxtəlif sferalarında hökmran mövqe qazanmaqla yanaşı hələlik digər iri mülkiyyətçilərlə hesablaşır, amma eyni zamanda “vassalımın vassalı vassalım deyil” prinsipini pozaraq xırda sahibkarlar və ziyalılarla münasibətə girməyə çalışır, özünü mədəniyyətin hamisi kimi göstərməyə çalışır, maarifçi mütləqiyyət ideyası hər vasitə ilə alqışlanır.

Analoqumuz olmasa da, müəyyən tarixi-nəzəri analogiyalar var. Sadəcə yadımdan çıxmamış deyim ki, o qeyd elədiyim 4-cü bənd varıydı ha – Mütləq monarxiya, o adətən inqilabla nəticələnir və monarxın da, xalqın da axırı pis olur.

Advertisements
 

Etiketlər: , , , , , , , , , ,

Yazı 16. Əks-səda: Adsız № 6” üçün 2 cavab

  1. travnik

    May 14, 2015 at 9:14 səhər

    Silkin sinifdən əsas fərqi ondan ibarətdir ki, sinif və ya daha çox istifadə olunan təbəqə anlayışı şəxsin şəxsi imkanlarının səviyyəsindən asılı olaraq müəyyən olunursa, silkə məxsusluq şəxs barəsində yuxarıdan müəyyən edilmiş hədlərlə müəyyən olunur.
    Düşünməli

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: