RSS

Yazı 12: Kitablar

27 Fev

Dünən “Əli və Nino” mağazasında oxucuların sevdiyi kitabların təqdimatı var idi. Qiyabi də olsa iştirak etmək istəmişdim, amma deyəsən oxucu (çıxışçı) kütləsi çox böyük olduğundan mənim çıxışım sələnməyib. 2 səhifə yazmışam deyə, bloqa atıram. Oxuyun, uzağı 5 dəqiqə 22 saniyə vaxtınızı alacaq (məndə o qədər oldu).

3 ƏSƏR HAQQINDA QISA FİKİR

 

“Ən sevdiyim kitab”, “ən sevdiyim yazıçı” – düzü, acığım gəlir belə ifadələrdən. Çünki hələ Qədim Romalılar “Ars long, vita braevis*” – “Sənət sonsuz, həyat qısadır” demişdilər. 1, 2, 3, hətta, 5, 10 yazıçı haqqında “ən” qüvvətləndirici ədatından istifadə bir oxucu kimi bizi zəiflədir əslində. Çünki, biz “ən-ən”lərimizi müəyyən etməklə sanki özümüzü ədəbi qəfəsə salırıq və ondan kənarı görmək istəmirik.

Mən belə deyiləm – “çox” hissəciyinin tərəfdarıyam. Ona görə də “Ali&Nino”da təqdimat üçün kitab seçmək üçün daha dar bir mövzu seçmək qərarına gəldim. Bu gün antiutopiya janrında çox sevdiyim 3 əsəri təqdim edəcəm:

Kurt Vonnequt – “Qalapaqos”

Kurt Vonnequtun yaradıcılığı haqqında yazan müəlliflərdən biri onu “Kömür şaxtasında sarıbülbül” adlandırmışdır. Əvvəllər, qaz detektoru olmayan dövrlərdə şaxtaçıların kömür mədənlərindəki işləri çox ağır və təhlükəli idi – istənilən an qazın konsentrasiyası yüksəlib onları boğa, hətta partlayışa səbəb ola bilərdi. Buna görə də onlar özləri ilə mədənə qəfəsdə bir sarıblübül götürürdülər. Qaza daha həssas olan bülbül qaz sızıntısı yarananda ölürdü və insanlar bundan xəbərdar olaraq açıb, canlarını xilas edə bilirdilər.

Ən məşhur amerikan yazıçılarından Kurt Vonnequtu adətən fantast adlandırırlar. Bu adla razıyam – qismən. Çünki əslində Vonnequt adət etdiyimiz kosmik uçuş və yad planetlilər haqqında çox yazmır, o bizim haqqımızda, adi insanlar haqqında yazır. Mən onun yaradıcılığını daha çox “sosial fantastika” adlandırırardım. Çünki o öz əsərlərində insanlığın nizamsız inkişafı nəticəsində hansı bəlalalrla üzləşəcəyi barəsində bizləri xəbərdar etməyə çalışır, lap elə mədəndəki sarıbülbül kimi.

Təsəvvür edin ki, bir gündə naməlum səbəbdən bütün insanlıq məhv olur. Planetdə yalnız bir neçə adam sağ qalır, bunlar Ekvadora məxsus Qalapaqos adalarında sığınacaq tapırlar. Gələcəyimizin ekoloji problemlərinə dair narahatçılıq mövzusunda yazılmış romanın adı çox simvolikdir – məhz 1835-ci ildə Qalapaqos adalarına qədəm basan Darvin özünün təkamül nəzəriyyəsini irəli sürdü. Nəzəriyyənin əsas qanunu – canlılar sağ qalmaları üçün təbiətə uyğunlaşmalıdırlar. Vonnequt öz əsərlərində insanlığın çox vaxt sağ qalmaları üçün təbiəti özlərinə uyğunlaşdırmağa çalışdıqları barədə xəbərdar edir. Bu da öz növbəsində insanlığın məhvinə, sağ qalan insanların isə Qalapaqos adalarında söylənilmiş təkamül qanununa görə heyvanlaşmasına səbəb olacaqdır.

 

Robert Şekli – “Keşikçi quş”

Fantastika həvəskarlarından “Ən yaxşı fantastik hekayə müəllifi kimdir?” sualını soruşsanız, əminəm ki, cavablarda səslənən adlardan birincisi “Robert Şekli” olacaqdır.

Onun “Yerlilərin problemi” hekayəsinə bir dəfə hətta “Konfliktologiya” dərsliyində rast gəlmişdim. Hekayə əsasında konfliktdən öncəki vəziyyət, yaranma, eskalasiya, kulminasiya, həlli məsələləri ideal şəkildə təsvir olunurdu.

Lakin mənim barəsində söz açmaq istədiyim “Keşikçi quş” hekayəsini məmnuniyyətlə bütün “Cinayət hüququ” dərsliklərinə salardım. Çünki sovet vaxtı “burjua”, hazırda isə “sivil” adlandırılan cinayət hüququnun əsas prinsiplərindən biri “təqsirsizlik prezumpsiyasıdır”. Bu prinsipin mahiyyəti oder ki, cinayət törətmiş şəxs barəsində yalnız qüvvəyə minmiş məhkəmə qərarı əsasında cəzalandırıla bilər. Amma cinayətə görə sonradan cəza vermək nə qədər ədalətli olsa da, baş vermiş cinayəti geri qaytarmır, qətlə yetirilmiş şəxsə həyat vermir. Təsəvvür edin ki, bir gün insanlar qətl törətmək istəyən adamın beynindəki siqnalları eşidə bilən və cinayət törədilməmiş onu cəzalandıra bilən universal bir keşikçi ortaya qoyurlar. Çox utopik səslənir, amma antiutopiya janrının incəliyi məhz ondadır ki, zahiri gözəlliyin arxasında insanlığın özünü məhvetmə təhlükəsi durur. Bu hekayəni bir an öncədən oxuyun, çünki hələ Qədim Romalılar deyib “Ən yüksək ədalət, ən yüksək ədalətsizlikdir”.

 

Oldos Haksli – “Gözəl yeni aləm”

Şekspirin “Fırtına”sında Mirandanın dilindən belə sözlər səslənir:

Möcüzədir!

Nə qədər gözəl sima!

İnsanlıq necə də gözəldir!

Belə insanların olduğu yeni aləm nəcə də gözəldir!

 

Oldos Haksli məşhur antiutopiyası üçün adı məhz buradan götürmüşdür.

Antiutopiya janrı deyəndə oxucuların böyük əksəriyyəti Corc Oruellin “1984”-ünü yada salır və bir çoxlarınız da bu əsəri yəgin ki, oxuyub. Bu da normaldır, çünki Oruell bizim (ən azından mənim) doğulub böyüdüyümüz sovet cəmiyyətini tənqid edirdi. Oruell böyük yazıçıdır – o XX əsrdə SSRİ-də, Almaniyada, Çində, Şərqi Avropada və Latın Amerikasında bərqərarlaşan diktaturaların təbiətini çox yaxşı əks etdirmişdi – total qadağalar və ağ yalan, maddi defisit və estetik kasadlıq bizim həyatımızı birrəngli edirdi. Bu rəng də boz idi.

Lakin Oldos Hakslini mən Oruelldən də böyük hesab edirəm – o, bizi XXI əsr diktaturlarından ehtiyatlanmağa çalışır – total azadlıq və nizamsız, qeyri-məhdud informasiya axını, həyatda yalnız zövq almaq üçün yaşama, insanların öz yerlərində əvvəlcədən “otuzdurulması” və sosial dəyişikliklərin mümkünsüzlüyü. Bir dəfəsində Facebook səhifəmdə Oruell və Hakslinin yaradıcılığını müqayisə edən albom yerləşdirmişdim. Ziyarətçilərin mütləq çoxluğu müasirliyimizin Hakslinin təsvir etdiyi vəziyyətə oxşadığını bildirdi. Məni də qorxudan məhz budur.

Həqiqətən də, yuxarıda qeyd elədiyim kimi, qadağanlarla və çatışmazlıqlarla dolu boz həyata qarşı mübarizə aparmaq nə qədər çətindirsə, zəngin, hər şeyin icazəli, tüfeyli, rəng-bərəng həyata qarşı mübarizə aparmaq bir o qədər də çətindir.

 

Təşəkkürlər!

 

 

* “brevis” kimi oxunur

Advertisements
 
4 Şərh

Müəllif Açıq Fevral 27, 2012 in Kateqoriyasız

 

Etiketlər: , , , ,

Yazı 12: Kitablar” üçün 4 cavab

  1. pervin

    Fevral 27, 2012 at 7:06 səhər

    gerek gederdin alininoja..

     
    • travnik

      Fevral 27, 2012 at 11:30 səhər

      Moskvadayam, Pərvin

       
  2. Xeyal

    Fevral 27, 2012 at 7:51 səhər

    bir gun ali & nino sene gelecek Ezizim!

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: