RSS

Yazı 7. Əks-səda: Krallar və kələm

06 Noy

Kitabların həyatımdakı rolundan sonsuz danışa bilərəm – əslində, bunun subyektivdən çox obyektiv səbəbləri var məncə – hər şey uğurlu təsadüflər (təsadüfmü?!) zəncirinin nəticəsidir: məktəbdə rus dilində oxumağa başlayanda, o zamanlar maraqlı kitabların hamısı onsuz da rusca idi, ilk 3 sinifdə oxuduğum kitablardan amma cəmi üçü yadımda qalıb (ilə biri, elə də yüksək nəticə deyil, əslində :-)), bunlar Daniel Defonun “Robinzon Kruzonun macəraları”, Selma Lagelyofun “Nilsin vəhşi qazlarla səyahəti” (ilk Nobel müəllifim) və mamamın Səmərqənddən gətirdiyi Astrid Lindqrenin “Karlson”u idi. Sonra getdim Yəmənə və bu mənim üçün həlledici an oldu – televizorumuz yox idi (yəni, əslində bir balaca televizorumuz var idi, deyəsən Latviya istehsalı “Şilyalis”, amma onu qoşacaq antenna yox idi), kinoda nadir hallarda maraqlı və yeni nəsə olurdu, atamla bir yerdə “Azadlıq” radiosuna qulaq asmaq üçün hələ kiçik idim, amma il boyu yay, həmişəyaşıl ağaclar və dəniz, bir də qəsəbəmizin zəngin kitabxanası sərəncamımda idi: 31illik həyatımın bu günkü zirvəsindən o uzaq 1989-cu ilə baxanda düşünürəm ki, 10 yaşımda fantastikanın dəlisi idim, amma indiyənə qədər də bu janra çox skeptik yanaşıram – Vern, Uells, Belyayev və Bulıçov, bunlar həmən o kitabxanamızda tanış olduğum çox az müəllifin adıdır.
Sonra da getdim Yevlağa – ata, ana və bacımdan uzaqda yarımillik həyatda, dayım və xalam, bibim və əmimuşaqları olsa da dayımın kitabxanası mənim ailəm idi – 1990-1991 təhsil ilində Azərbaycan dillində oxumağa başladığımdan məktəbdə nədən danışldığını az qala heç nə başa düşmürdüm, Bakı və Ədəndəki həyatdan sonra Xaqani küçəsindən olan qonşularımla məni çox az şey bağlayırdı – nə qədər roqatka ilə quş ovlamaqdan və Qarabağ kanalında balıqçılıq haqda danışmaq olardı?!
Bu gün də danışmaq istəyirəm. Çoxdandır yazmıram bloqda – bu gün yazacam, çox şeydən, yenə də kitablardan və bank işindən, məşhur italyanlardan və virtual tanışlıqlardan, BDU-dakı təhsilimdən və hüquqdan, Milli Məclisə seçkilərdən və həyati dəyərlərimdən… Çox şeydən, bir tək krallar və kələmdən başqa.

XRİSTOFOR KOLUMB TƏRƏFİNDƏN YENİ QİTƏNİN KƏŞFİ, FACEBOOK`DA DOST SİYASƏTİM VƏ ERKİN QƏDİRLİ HAQQINDA 2386 SÖZ

Keçən həftə bir kitab bitirdim. Sovet vaxtı çox dəbdə olan və bu gün də sevdiyim “ЖЗЛ” seriyasından, yəni ki, musurman dilində desək – “Görkəmli Şəxsiyyətlərin Həyatı”.

Düzdür, sovet vaxtı siyasi təsir burda da hiss olunurdu o zaman – belə “görkəmli şəxsiyyətlər” sırasına Spartakdan tutumuş Vera Zasuliçə qədər alaq-ulaq otları da qatmışdılar. (Əslində indi də siyasi sifariş deyil, dəb dalınca qaçaraq Mariya Mnişek və ya “Dəmir maska” haqqında kitab buraxmaları da bu qəbildən olan qüsurdur) Yox, mənim Spartaka qarşı heç bir iradım yoxdur, amma bir qaçaq qulun bu günə qədər nə həyattəsviri qala bilər ki, Vera Zasuliç kimi terrorçu-inqilabçıları isə heç demirəm, görkəmli ha. Bundan nümunə götürmək olarmı?! Nə isə… Amma əsası hələ inqilabdan öncə qoyulmuş bu seriyanı yenə də çox sevirəm – məsəlçün, tək “Nyuton” kitabını azı 20 dəfə oxumuşam. VaşinqtonFord, YakobinlərTolstoy, Rumi Nils Bor kimi şəxslər, daha doğrusu, sözün əsl mənasında şəxsiyyətlər haqda oxumaqla ruhlanırsan, onların uğursuzluqlarını özün üçün dərs, uğurlarını təcrübə, əzmkarlığını nümunə kimi qəbul edirsən. İnsan çox şeyə qadirdir, bir dəfə demişdim deyəsən, mən ateistlərə xüsusi rəğbət bəsləyirəm – onlar İnsana inanırlar.

Xristofor Kolumba qarşı belə ədalətsizlik yapılırmı?!

Xristofor Kolumbun portreti

Hə, deməli, keçən həftə oxuduğum kitab Xristofor Kolumb haqda idi. Deyirlər 1992-ci ildə, Amerikanın kəşfinin 500 illiyi şərəfinə onun İspaniya (Kastiliya Araqon, yəni) krallarına yazdığı məktub dünyanın əksər dillərinə tərcümə edilmişdir və Ginnes rekordlar kitabına düşmüşdür, odur ki, Kolumb bəlkə də dünyada məşhurluğuna görə üçüncü şəxsdir. Birinci-ikinci yerləri, bildiyiniz kimi İsa peyğəmbər və kollektiv şəkildə “the Beatles” mübahisələndirirlər 🙂
Sadə genuyalı yun alverçisinin oğlu, ilk dəniz səfərlərindən Hindistan və Çinə yeni dəniz yolunun kəşfi barədə düşünüb bu ideyanı sonunda (qüsurlu da olsa) gerçəkləşdirdi. XV əsrin ortasında osmanlılar tərəfindən İstanbulun fəthindən sonra uzaq şərqlə xristian qərbi bağlayan və Böyük İpək Yolu adlandırılan nazik bir ip qırıldı, odur ki, 1470-1480-lərdə Hindistana yeni, dəniz yolunun kəşfi ideyası elə hey havada dolanırdı. Axı dünyanın yumru olması “təsdiq olunmuşdur”, odur ki, hər zaman qərbə getməklə şərqə gedib çatmaq olar. Amma Kolumb əgər bilsəydi ki, 22 günlük dəniz səyahətindən sonra kəşf etdiyi antil adalarından arzuladığı Hindistana yol beş bir o qədər də vaxt alacaq uzaqlıqdadır, yəgin elə öz evində oturardı, heç bu avantyuraya baş qoşmazdı da. Amma mən bu insanın öz ideyasına inamına və qətiyyətinə heyranam. 10 il mənasız şəkildə Portuqaliya kralına təklif etdi layihələrinin bəxtini daha sonra 7 il də İspaniyadı sınadı – elə hey uğursuzluqlar. Amma Kolumbda məni bəlkə də ən çox cəlb edən cəhəti bilirsiz nədir – o, feodalizmin ilk kapitalistidir – Hindistana yol onun üçün bir maniya, dəliedəcək ideya deyil, gəlir mənbəyi idi – odur ki, ona 3 gəmi və öz xeyir-dualarını verən krallarla titullar, gəlir böllgüsü haqda müqaviləni də imzalamadan səfərinə başlaya bilməzdi. Halal olsun sənə, Xristofor ibn Dominik.

Başqa və yeni dünyanın xəritəsi

Başqa və yeni dünyanın xəritəsi

Amma bu tale ki, var, yazıq dostumuzla çox acı bir oyun oynadı, hamısı da latın dili üzündən. Eh, adını heç xatırlamadığım bir elzaslı kosmoqrafın təklifi ilə Atlantik okeanının o tayında kəşf olunmuş torpaqlar onların yeni bir qitə olduğu fərziyyəsini irəli sürmüş Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırmışdılar (Kolumba isə cəmi bir ölkə qaldı, odur ki, indi Amerika deyəndə “WOW!”, Kolumbiya deyəndə isə “narkomafiya” yada düşür). Qərbə üzə-üzə Şərqə gedib çıxmağı planlaşdıran Kolumb öz məktubunda yeni torpaqlar barəsində “otro mundo” – “başqa dünya”, yəni ki, o zamankı avropalıların bir ucunda yığışdığı Avrasiya materikinin başqa bir tərəfinə işarə edən sözləri işlətmişdir. Vespuççi isə, insan üçün xırda söz dəyişikliyi, insanlıq üçün isə nəhəng inqilab olan fərqli bir ifadə “mundus novus” – yəni ki, “yeni dünya” sözlərini işlətmişdir, yəni o mənada ki, yox, məşhur genuyalının kəşf etdiyi torpaqlar Ptolemey və Marko Polo zamanlarından pis-yaxşı məlum olan Hindistan və Çin deyil, tamamilə yeni bir aləmdir.

 

Mən FaceBook dostlarımdan nə gözləyirəm

Facebook

Facebook

Mənim üçün virtual, xüsusilə də sosial şəbəkələr əslində məhz “mundus novus”-dur. FaceBook-da təzə üzvəm, bir il var, ya yoxdur. Təzə gələndə çox sayda “dostluq” təklifi gəldi, mən də nə bilim, tıq-tıq-tıq, əlavə edirdim hamısını, hardasa 200-ə çatanda anladım ki, belə templərlə 500, 1000, hətta bəziləri kimi 4995-ə (mən belə başa düşürəm ki, həmən “5” yer Azercellin 555-55-55 tipli nöçrələri kimi “xüsusi statuslu zaddarıdır) də çatmaq olar, amma bu mənə lazımdırmı?! Əlbəttə ki, yox. Səhər 20 dəqiqə, axşam 1 saat – bu qədər vaxta maksimum 300-400 nəfərin yazdığını “emal” etmək olar, deməli dost siyasətinə daha incə yanaşmaq lazımdır. Bəziləri kimi, onsuz da tək tanıdığım adamlara, aramızda tək “salamməlöyküm” olan hamıyla dost olub qapanmaq olar – amma bu çıxış yolu deyil. Ən azından mənim üçün. Mən FaceBook və digər sosial şəbəkələrə məhz “başqa dünya” kimi deyil, “yeni dünya” kimi baxmaq istəyirəm, real ünsiyyətimdən tamam fərqli bir virtual ünsiyyət. Onsuz da tanıdığım və ən azından tez-tez reallıqda görüşdüyüm, ünsiyyətdə olduğum şəxslərlə realla yanaşı bir də virtual dostluqdan çox mən tamamilə yeni insanları tanımağı tərcih edirəm – həmən o “mundus novus”. Düzdür, banal tanışlıq saytı deyil FaceBook, mən o adamlarla dostluq etmək istəyirəm ki, onların yazıları mənə təsir etsin, qıcıqlandırsın, hərəkətə gətirsin, mən o adamlarla dost olmaq istəyirəm ki, mənim yazılarım onlara təsir etsin, qıcıqlandırsın, hərəkətə gətirsin.
Odur ki, mənimlə virtual dost olmaq istəyənlər varsa, bunları nəzərə alsınlar 🙂
Belə dostlarımdan, yəni ki, əvvəl heç tanımadığım, indi isə böyük dəyər və hörmət verdiyim şəxslərdən biri Fərid Əlibalayevdir.

Fərid Əlibalayev

Fərid Əlibalayev

Bilmirəm, amma nədənsə ona xüsusi bir simpatiyam var – tək ona görə yox ki, yeyib-içən oğlana oxşayır, bu isə geniş ürəkdən xəbər verir, tək ona görə yox ki, uzaq bir şimal ölkəsində həmişə gülərüzdür, tək ona görə yox ki, riyaziyyatçıdır, mən isə əsl sözəlçi* kimi riyaziyyata nifrət edirəm, riyaziyyatçılara isə rəğbət bəsləyirəm, və əlbəttə ki, Fəridin Oğuzla qonşu Şəkidən olması və türk litseyi məzunu olması heç bir rol oynamır 🙂
* sözəlçi – türk litseyləri leksikonundan, humanitar təmayüllü sinfin şagirdi.
Bir neçə gün əvvəl Fərid təxminən belə bir ifadə işlətdi ki, Erkin haqda tələbələrinin nə xatirələri var, oxumaq maraqlı olardı. Dedim, valla, Erkinin tələbəsi çox olub həqiqətən də (əlbəttə, olmayıb da olmağı arzulayanlar, yəgin ondan da çoxdur), amma düşünmürəm ki, kimsə barəsində memuar yazıb. O da yarızarafat-yarıciddi “sən yaz da!” dedi.

 

[başlıqsız]

Əlbəttə, mən memuar, xatirə yazmıram, birincisi, ayıbdır axı 🙂 İkincisi, Erkin Allaha şükür, cağ-bacağ oğlandır, hələ uzun ömür, inşallah, gözləyir onu və ən əsası, biz Erkindən daha böyük işlər gözləyirik – həqiqi memuarlara layiq.
Mənim heç də Erkinlə necə tanış oldum, və ya Erkindən necə və neçə dərs aldım, Erkinlə necə həmkar oldum, yəni ki, xronoloji rəqəmlər və adlar silsiləsindən yazmaq fikrim yoxdur. Heç Erkinin şəxsiyyəti haqda da yazmayacam, ən azından ona görə ki, şəxsi elə güclü münasibətimiz yoxdur, amma bu sözləri 6 noyabr, saat 22:25-də yazmağımı, və sabah Azərbaycan üçün, mənim üçün, Erkin üçün vacib olan seçkilər günü olduğunu nəzərə alaraq mən “Erkinə nə üçün səs verməli?” tipli bir yazı yazmaq istəyirəm.
Əslində Erkində məni cəlb edən cəhət onun şəxsiyyəti – saçının rəngi, danışıq tərzi, dərslərimizə cinsdə gəlməyi və s. bu kimi cəhətlər deyil, mənə, öz tələbələrinə, dolayısı yolla da bu xalqa aşıladığı dəyərlərdir, daha doğrusu dəyərlərə münasibət. Bu haqda düşünün…
Bir gün gələcək ki, Erkinlə siyasi tərcihlərimiz qəti ayrılacaq – ən azından mənim baxışımdan o qərbyönümlü, dünyəvi, liberal respublikaçıdır, mən isə (ən azından bunun belə olduğuna ümid edirəm) mühafizəkar, klerikal monarxistəm 🙂 Bütün bunlara baxmayaraq, uzaq-uzaq 2006-cı il yadıma düşür: yayın ortaları idi, Emin Millinin təşəbbüsü ilə bir İsmayıllı səfəri təşkil olunmuşdu, amma mənzil başına yetişəndə məlum oldu ki, Qubadayıq. Orda bir maarifçi piknik keçirildi, adını da qoydular Açıq Hava Universiteti. Həmən gün 2 “mühazirə” var idi: Erkin İsaya Berlinin fəlsəfəsi haqda elmi və qəliz nələrsə söylədi (düzdür, ordan da çıxardığım şeylər var idi, amma bu gün onlar haqqında danışmaq istəmirəm). Amma mənim daha çox ikinci, Rəşad Şirinin danışdıqları yadımda qaldı və mənə təsir etdi. O şəbəkələşmənin əhəmiyyəti haqqında danışdı. Qubaya əlbəttə ki, konspekt tutmağa getməmişdim, diktofonum da yox idi – bütün çıxışdan amma bir konsentrat çıxardım – üstqurum şəklində siyasi-iqtisadi-sosial-dini-milli baxışları və mənsubiyyətləri nə olursa olsun, normal cəmiyyətin üzvlərində bütün bu üstququrmlar vahid bazis üzərində qurulubsa, bütün bu fərqlər və fərqliliklər cəmiyyət və dövlətin yalnız xeyrinədir. Belə yerdə Hersoq Vellinqtonun sözləri yadıma düşür: Vaterloo döyüşü İtonun həyətindəki çəmənliklərində qazanılmışdır. Vellinqton sonra hətta İngiltərənin baş naziri də olmuşdur, bəlkə də onun zabitlərindən kimlərsə onun qatı siyasi rəqibi idi, amma onlar qarşılıqlı tanıma və hörmət atmosferasında tərbiyyə və təhsil almışdılar, odur ki, bir-birilərini çox yaxşı başa düşürdülər, lazım gələndə də danışıqlarla ortaq məxrəcə gələ bilirdilər. Odur ki, Erkinin üstqurum kimi siyasi və ictimai baxışlarını qəbul edə bilmirsinizsə, ona ən azından bu insanla danışıqlar apara biləcəksiniz deyə səs verin. Bu haqda düşünün…

AHU-nun Quba səfəri

AHU-nun Quba səfəri

Nə üçün Erkin kimi şəxslər parlamentdə olmalıdır?! Erkin – hüquqşünasdır. Mən də hüquqşünas olsam da, Erkini dəstəkləməyim heç də korporativ həmrəylikdən irəli gəlmir. Amma sizə bir şey deyim – dövlət tarixində 2 dövlətə xüsusi rəğbətim var – onları az qala ideal dövlət modeli hesab edirəm – erkən Roma imperiyasıerkən İslam xilafəti – özü də tək qeyri-irsi monarx institutu və uğurlu işğalçı siyasət xətrinə deyil. Bu dövlətləri hüquq yaratdı və yaşatdı, bu gün də yaşadır. Bəli, həmən hüquq kimi, 20 əsr sonra da hətta müsəlman şərqinin ilk respublikasının ilk ali məktəbinin hüquq fakültəsinin tələbələrini Qayın institusiyalarını, Yustinanın kodeksini, Papinyan və Modestin, Pavel və Ulpinanın adını öyrənməyə, onlardan sitat gətirməyə, tətbiq etməyə məcbur edir, həmən hüquq ki, hicrətin XV əsrində də dünyəviliyini bəyan etmiş respublikamızda Şafi və Maliki hüquq məktəblərinin fərqlərini tədqiq etməyi, Hənəfiliyin liberallığının və ya Hənbəliliyin qətiliyi daha yaxşı olması haqqında mübahisələrin davam etməsinə təkan olur. Erkin sizə qaz, asfalt, iş yeri, Qarabağın azad olunmasını vəd etmir. Amma mən bunları qanunvericidən heç gözləmirəm də, siz də gözləməyin. Amma bir peşəkar hüquqşünas kimi Erkinin qazın fasiləsiz verilməsini, asfaltın vaxtında və keyfiyyətli təmir olunmasını, yeni iş yerlərinin açılmasını təmin edəcək qanunlar üzərində işləyəcəyinə inanıram. Bu haqda düşünün…
Erkin bizə – öz tələbələrinə ən sadə bir hərəkətlə bu həyatda yalnız özümüzə güvənməyə və bizə görə yalnız özümüzün cavabdeh olması dərsini verdi. Uzaq-uzaq 1998-ci ildə, ilk dərsdən bağlanan və il boyu bir qayıb da yazılmayan davamiyyət jurnalı – istədiyin vaxt çıx, istədiyin vaxt gəl – bu, indi də inqilabdır BDU-da. Dərsi dinləmək və ya dinləməmək sənin şüurlu seçimindir, dinlə-dinləmə, amma qaydalara riayət elə – dinləyənlərə mane olma və sonunda cavab ver. O zamanlar bizim üçün “Xarici ölkələrin dövlət və hüquq tarixi” və “Ümumi dövlət və hüquq nəzəriyyəsi” kimi adıuzun fənlər yox idi – bizdə “Elbəyin fənni” və “Erkinin fənni”, hətta, bundan da qısa – “Elbəy” və “Erkin” var idi. Əslində, Elbəy müəllim də deputat olsaydı pis olmazdı, Erkini tarazlaşdırmaq üçün – amma o zaman bizim üçün bu iki müəllim və tədris metodları arasındakı fərq tədris etdikləri fənlər arasındakı fərqdən qat-qat çox idi. Düşünürəm ki, Erkin inşallah deputat olarsa, ölkəmizdə formalaşmış paternalistik ab-havanın da pozulması istiqamətində addımlar atacaqdır. Bu haqda da düşünün…

Erkin Qədirli AFU-da

Erkin Qədirli AFU-da

Saat 23:06-dır, səsverməyə 9 saatdan da az bir vaxt qalıb – baş işləmir artıq. Bu gün də güclü bir hüquqi tədbirdə olmuşam – düz altı saat mülki və mülki-prosessual qanunvericilik haqda mübahisələrdən kəllə “sboy” verir. Buna görə istəyirəm bir az romantik kənarlaşma edim: Siz bilirsiniz hüquqşünas olmaq necə böyük zövqdür?!
1998-ci ilədək mən diplomat olmaq istəyirdim – bu günkü kimi yadımdadır, 25 may, son zəng günü, rəsmi tədbirlər bitdi, tez tələsdik rayon təhsil şöbəsinə – ali məktəbə sənədləri orda verirdilər, mamamla gəldik, başladıq anketi doldurmağa, ixtisas seçməyə, seçdik, yazdıq. 10 avqustda qəbul nəticələri çıxanda 644,999 balla “Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə” qəbul olunmam bir az sarsıntı idi – səhv və ya qərəzin nəticəsində mamam hüquq ixtisasını beynəlxalq münasibətlərdən qabaq yazmışdır. Amma tez bir zamanda öyrəşdim bu fakültəyə, sevdim bu ixtisası. Düşünürəm ki, Erkinin rolu az olmayıb burada – təsadüfi deyil ki, 1998-dən 4 il sonra magistraturaya, 6 il sonra aspiranturaya da daxil olanda “Ümumi dövlət və hüquq nəzəriyyəsi” üzrə ixtisaslaşmışdım. Ən gözəl ixtisas 🙂 Düzdür, praktikam baxımından götürsək bank hüquqşünasıyam – 7 ildir ki, gah o bankda, gah bu bankda “qırrıyıram”, amma düşünürəm ki, bir gün mən də Erkin kimi nəzərəi hüquqa qayıdacam – yüksək materiyalar aləminə.
Hardasa, hələ əlyazma şəklində, ya da küncdə toz basmış və axırıncı dəfə keçən il işə salınan kompüterimin yaddaşının dərinliklərində Erkinin təsiri ilə birinci kursun nəticələrinə görə yazdığım bir yazım var idi, ondan qəbul etdiyimiz dəyərlər haqda, gərək tapım, görüm, nə dəyişib o vaxtdan. Yadımdadır amma, o zamanlar ən sevdiyim bir ifadəsi var idi, düzü, son vaxtlar elə də eşitmirəm – hər şeyin subyektiv olmasından. Bu, Erkinin ən azından o zaman tədris etdiyi hüquqi doktrinadan başdan-başa keçən incə qırmızı sap idi – pafoslu və ikiüzlü sovet hüquq tədris ənənəsində “hüquq ədalət haqqında elmdir” tipli bir ifadə mərkəzdə dururdu və guya ki, bütün münasibət, norma və hətta insanlar bu abstrakt ədalət ətrafında dövr edirdi, hətta prosessual hüquqda da açıq-aydın “obyektiv həqiqətdən” dəm vurulurdu. Ruslar yaxşı deyib, ülvi niyyətlərlə döşənmiş yol cəhənnəmə aparır – bu “ədalət” naminə hansı qurbanlar verilmədi 70 ilə?! Erkin isə birinci kursdan tələbələrinin “gözünü açaraq” obyektiv mövcud olan abstrakt ədalətli hüquqdan başqa hüququn insan cəmiyyətində, insanlar arasında mövcud olmasını vurğulayaraq subyektiv xarakter daşıdığını qeyd edirdi. Fərdçiliyi inkar edən köpəkoğlu sovet höküməti “subyektiv” sözünü də az qala “qanundan kənar” elan etmişdir. İndi də “subyektiv” sözünü eşidəndə bunun mənfi bir çalarla deyildiyini hiss edirsən. Amma Erkinin demək istədiyi subyektivizm qanunda yazılan, təbii mövcud olan, münasibətlərdən irəli gələn hüququn məhz hüquqşünasın (və həm də qeyri-hüquqşünasın) şəxsiyyətindən, bütün bilik, təcrübə, təsəvvür, tərcih və qorxularının təşkil etdiyi “mən” prizmasından keçərək ifadə oldunduğu yanaşma tərzindən başqa bir şey deyil. Hüquq subyektivdir, Erkin bunu deyirdi, düzdür. Amma o həm də deyirdi ki, onu düzgün yaz, düzgün oxu, düzgün təfsir elə, düzgün tətbiq elə. Bunun üçün də o bizə hər mühazirə və seminarda kiçik porsiyalarla bir antidot təklif edirdi – insan haqları. Mühazirənin əsas mövzusu nə olursa olsun: dövlətin yaranması nəzəriyyələri, və ya, dövlət quruluşları, və ya, hüquqauyğun davranış, və ya, məncə Erkinin ən sevdiyi hüquqi mövzu – təfsir. Bu, kiçik porsiyalarla yeridilmiş “insan haqlarının aliliyi” ideyası gələcək hüquqşünasları ifratçı subyektivizmdən qoruyacaqdı. Bu haqda xüsusilə düşünün…
1998-in dekabrı, bəlkə də artıq 1999-un fevralı, mart da ola bilərdi – həmən il Erkin deyəsən Roma statutu ilə əlaqədar dərslərində əməlli-başlı fasilə vermişdir – Nəzəriyyənin “hüquq” hissəsinə təzə başlamışdıq. İndiyənə qədər cavab tapmadığım “hüquq nədir?” mövzusunda mənasız vaxt itkisinə yol vermədik və girişdik hüququn mənbələrinə: adəti üzrə, klassik mənbələr – qanun, nə bilim, adət, məhkəmə presedenti və s. Sıralamada axırıncı “doktrina” idi – elmi baxışlar. Əslində, bir neçə abzas əvvəl qeyd etdiyim həm Roma, həm də müsəlman hüququ əsas etibarilə doktrinal hüquq idilər – əlbəttə, heç kəs nə Qaya, nə də Əbu Hənifəyə evdə oturub qanun yazmaq səlahiyyəti verməmişdir, onlar sadəcə tələbə yetişdirmiş, əsərlər yazmış, fikirlərini ifadə etmişdilər, daha sonra tələbələri və hökmdarların iradələri bu nəzəri fikirləri tətbiq edilən, canlı, məcburi hüquqa çevirmişdilər. Həmən mühazirədə, düzdür, Erkin bir ifadə işlətdi – “müasir qərb hüquq tətbiq etmə ənənəsində belə bir yazılmamış qayda var ki, yalnız vəfat etmiş alimlərin əsərlərinə istinad edirlər, çünki son fikri artıq qətidir, dəyişməyəcək”. Növbəti dərslərdən birində yenidən doktrinaya qayıtdıqda belə bir sual verdi auditoriyaya “Doktrinanın tətbiq olunması üçün əsas şərt hansıdır?”, mən də zarafatcasına “Müəllifinin ölməsi” cavabını verdim 🙂 Dedi, yox. Əsas şərt o doktrinanın tədris olunması və tələbələr tərəfindən mənimsənilməsidir. Bu günümdən çönüb arxaya baxıram və düşünürəm ki, 10 il pedaqoji, bir o qədər də ictimai fəaliyyəti dövründə Erkin özü də qəbul etdiyi doktrinanı çox tədris etdi – doktrinanın hüququn mənbəyi olmaq vaxtı gəlmədimi artıq? Bu haqda düşünün…
Düşünürəm ki, gəldi. Artıq noutbukda saatım 00:01-i göstərir. 7 noyabrın ilk dəqiqəsini. Bu major notda yazıma nöqtə qoyuram. Kiminçünsə çox, kiminçünsə az alındı. 12 ili 2-3 səhifədə sıxışdırmaq da çətindir.

Erkin Qədirlinin seçki plakatı

Erkin Qədirlinin seçki plakatı

Erkin müəllim, sizə təşəkkür edirəm, uğurlar arzulayıram və sizdən çox özüm haqda yazdığım üçün üzr istəyirəm!

Advertisements
 

Etiketlər: , , , ,

Yazı 7. Əks-səda: Krallar və kələm” üçün 13 cavab

  1. Kanan K

    Noyabr 6, 2010 at 8:52 axşam

    Rufat, chox maraqli yazidir. 7 noyabrda butun layiqli namizedlere ugurlar

     
    • travnik

      Noyabr 6, 2010 at 9:28 axşam

      Təşəkkür, Kənan. Düzü mütləq indi bitirmək istədim, halbuki “Erkin” daha çox vaxt tələb edir, mövzunu davam etdirə də bilərəm 🙂
      Yaşasın 7 noyabr!

       
  2. mak

    Noyabr 7, 2010 at 5:08 səhər

    Rüfət yazılarının intensivliyini artırsan məmnun olardım. Bu yazın çox effektlidir, ən azı ona görə ki, fasiləsiz bir nəfəsə oxuya bildim, bravo )

     
    • travnik

      Noyabr 8, 2010 at 6:18 səhər

      Sağ ol, Mamed. İnşallah, vaxt imkanlarımız daha geniş olar, yazarıq – yazılmalı problemlərdən boluq

       
  3. blogger

    Noyabr 8, 2010 at 10:29 səhər

    Maraqlı və birnəfəsə oxunan yazıdır.
    P.S. Həmin kosmoqrafın adı Valdzemüller gedir.

     
    • travnik

      Dekabr 29, 2010 at 8:31 səhər

      Ola bilər 🙂 Amma bu bir simvo idi sadəcə – Herostratı unutmalı!

       
  4. Azər Tarverdiyev

    Noyabr 8, 2010 at 10:23 axşam

    Maraqlı yazıdır, doğurdan. Ən azından Erkin nostalgiyası yaşadım. )) Etiraf edim ki, formalaşmamda rolu var onun.
    Çox üzr istəyirəm, bi şey yazmalıyam. Yadımda, 6-cı gün onun dərsi olurdu və ancaq ona görə hamı bilsə də ki qayib yazılmır, gələrdi dərsə. Mənsə dostumla Sumqayıtdan, maddi çətinlik olsa da.. Əsl müəllim idi. Uğurlar ona həyatda.
    Minnətdaram Rüfət Abdulla.
    P.S. Yazı üslubun uğurludur çox.

     
    • travnik

      Dekabr 29, 2010 at 8:33 səhər

      Təşəkkür edirəm. Əlbəttə, bizim üçün Erkin böyük rol oynadı, inşallah oynayacaq da

       
  5. Ruslan

    Dekabr 28, 2010 at 1:34 axşam

    Rufat, yazin menim de chox xoshuma geldi!Sade, maraqli ve dushundurucudur.

     
    • travnik

      Dekabr 29, 2010 at 8:34 səhər

      Uzun yazıram bir az, amma qısa yazammıram. Təşəkkür, Ruslan 🙂

       
  6. ilkin mammadov

    Dekabr 28, 2010 at 9:44 axşam

    rufet, cox gozel yazidir. turkler demishken eline saglik. bir de ruslar demishken tak derjat.

     
    • travnik

      Dekabr 29, 2010 at 8:34 səhər

      Çalışarıq, İlkin. Kayfımız duranda yazsaq amma çox “derjat” ləməli olacıq :-\

       

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: