RSS

Yazı 6. Əks-səda: Dillər

13 Sen

“XXI əsrin artıq 10-cu ilində yaşasaq da… “

Əvvəl istədim yazıma belə başlayım. Sonra düşdündüm ki, hə, nolsun?! Bu sözlərin ardına qloballaşan dünya və millətçiliyin yüksəlişi haqqında sözlərdən də əlavə edib Esperantoya bir körpü atıb, yazıma davam etmək istədim. Sonra düşündüm ki, axı niyə? Axı mən rəsmi dövlət qəzetində məqalə yazmıram, dilşünaslıq haqda öz təəssüratlarımı qələmə alıram, üstəgəl bu bloqun eksperimental bir meydanı olduğunu nəzərə alsaq, həqiqətən də, niyə?! Ona görə bütün toplanmış fikirləri qırağa atıb, səyahətə yollanmaq qərarına gəldim. Cavanlığıma.

ÜMİD DİLİ

Esperanto bayrağı

Esperanto bayrağı

Hər şey necə başladı

İl – 1999. Yay semmestrini “əla” tamamlamış birinci kurs tələbəsi. Tanış olun, bu mənəm. İnsan həyatında universitetin birinci kursunu bitirmiş tələbəlik dövründən daha şirin bir dövr yoxdur. Bir tərəfdən artıq tələbəliyi yaşamağa başlamısan, artıq tədris prosesinin ümumi axarına uyuşmusan, cəmi 9 ay əvvəl ali məktəbə yeni qədəm qoymuş uşaq deyilsən, digər tərəfdən də, səni qabaqda hələ dopdolu, ən azı 3 il gözləyir. Düzdür, payıza qaldınsa, vay sənin halıva 🙂
1999-cu ilin yayı mənim üçün bir neçə hadisəsi ilə əlamətdar oldu. Birinci kursu uğurla bitirdiyim üçün valideyinlərim mənə kompüter bağışladılər. İndi 4Gb-lıq yaddaşı ilə Pentium II dinozavrı xatırladır, daha doğrusu, onun qalıqlarını, həmin illərdə isə bu, mənə arzularımın mümkün son həddi kimi gəlirdi. Bəli, həmin yay hələ birinci kursda təsis etməyə çalışdığım “Optimus” elmi dərnəynin sənədləri üzərində çalışırdım. O zaman nə oxuduğum artıq yadımda da deyil… Amma yazdığım yadımdadır. O zamanlar ilk dram əsərim üzərində işləyirdim – “Qrakx qardaşları” – janrını da “hüquqi faciə” kimi müəyyən etmişdim – unkial bir anlayışdır. O zamanlar indiki kimi texnika inkişaf etməmişdi, nə interneti bilirdik, nə elektron məktublaşmadan istifadə etmirdik. Kompüter isə sadəcə, qalın toz qatı altında hələ də yazı masamın altında duran yazı makinasının daha təkmil variantı idi. Buna görə də, dram əsəri üçün tələb olunan materialları toplamaq üçün mən XX əsrin gənclərinin böyük əksəriyyəti kimi kitabxanaya gedirdim – “Axundov kitabxanasına”. Səhərdən gəlib günortayacan kataloqlar və müxtəlif mənbələrlə işləyirdim.
Bir dəfəsində kataloqda düz hüquqi-siyasi ədəbiyyat kataloqlarının yanında dilçilik haqda bir şkafa gözüm sataşdı. O zaman hələ də fakültəmizin yəgin ən böyük latın dili həvəskarı olduğumdan, “ölü dillər” siyirməsini axtarmağa başladım. Axı Qrakx qardaşlarının özləri də latın dilində danışırdılar. Hansı ölü dilləri bilirsiniz, daha doğrusu adlarını?! Latın, qədim yunan, bəlkə, sanskrit, bir azca da Qədim Misir və Mesopotomiya dillərinə həsr olunmuş üç-beş kitaba nəhəng siyirmənin ayrılması qənaətdən uzaq olardı. Bu səbəbdən də lazımi siyirmənin pəncərəsində solmuş mürəkkəblə “Древние и искусственные языки” (rus. “Qədim və süni dillər”) yazılmışdır.
Süni?!
Gülməyin. Təəccüblənməyin. Bəli-bəli – “süni”.
Həmən “Axundov kitabxanasının” xarici dillər zalının yaşı ehtimallarıma görə altmışı ötmüş və kitabxanaçılıq təcrübəsi ən azı yaşım qədər olan əməkdaşına “Sizdə süni dillərə dair nə var?” sualını verdikdə, baxın, həmən bu cür sifət eləmişdi. Hələ bir yanındakına gülərək, “Süni dil ha, buna bax” dedi. İncimədim. Niyə inciyim ki?! O xanım bizim dünənimizdir. Necə ki, bir gün 24 saatından hər birində fərqlidir, o xanım da, demirəm ki, gecənin ən qaranlıq anıydı, amma ən azından kitab oxumağın mümkünsüz olduğu axşam idi. Taleyin işinə bax, kitabxanada işləyirdi. Görəsən o xaım indi də yenilənmiş “Axundov kitabxanasında” işləyib gənc tələbələrə zülmət saçır.
Amma o zülmətin aradan qalxacağına ümidlə baxmağa imkanımız var. O ümidi özüm üçün mən həmin kitabxananın ən yaddan çıxmış siyirmələrindən birində, kitab anbarlarının ən tozlu künclərində qalmış, ən “yararsız” kitabında kəşf etdim. Bu, Esperanto dərsliyi idi.

Milli Kitabxana

Milli Kitabxana

Ümumi dil haqqında ideyalar(ım)

İndi isə qayıdıram yazımı başlamağı planlaşdırdığım sözlərə:
XXI əsrin artıq 10-cu ilində yaşasaq da, insanlar öz aralarında vahid bir dil tapa bilmirlər. Özü də bu tək simvolik məna deyil, birinci növbədə məhz bu sözün real mənasında. İnsanlar ona görə biri-birilərini anlamaq istəmirlər ki, digərlərinin yuxuya getdikləri laylaları, tərbiyə aldıqları nağılları, böyüdükləri kitabları anlamırlar. Neçə dil bilirsiniz? Avropa İttifaqının dil siyasətinə görə hər bir vətəndaş öz doğma dilindən başqa İttifaqın ən azı 2 digər dilini də bilməlidir. Bunlardan da biri həmişə ingilisdir – halbuki ingilis dili heç də İtiifaqda daha çox insan üçün ana dili deyil, o birisi də çox güman ki, almanca olacaq – xüsusilə yeni, Şərqi Avropa üzvlər. Amma buna hələ qayıdacağam.
İlk nəzərdən belə görünə bilər ki, süni dillər bekarçılıqdan yaranıb. Onların yaradılması tarixinə nəzər saldıqda aydın olur ki, ilk fikir aldadıcıdır və utandırıcıdır. Çünki, məsələn, ilk geniş yayılmış süni dilin – Volapükün yaradıcısı, rəvayətə görə, 50-yə qədər dil bilirdi. Esperanto yaradıcısı Zamenhofun nailiyyətləri bir o qədər parlaq deyil, amma doğma polyak, təhsil aldığı rus, qonşuluqlarında yaşayanların danışdığı yəhudi və alman dillərdindən başqa, bir də əsas Avropa dilləri və antik dilləri mükəmməl bilirdi, bu cür baqaja bu gün heç də hər filoloq sahib deyil, hələ mən göz həkimini (Zamenhof atasının təkidi ilə Moskva Universitetinin tibb fakültəsini bitirmişdir) demirəm.
Bu günə qədər 200-ə qədər süni dil layihəsi yaradılmışdır: Vikipediyada məqalələrin sayı 100000 (!) ötmüş Volapükdən ta Tolkiyenin elf (sindarin kvenya üzrə ABŞ universitetlərində kurslar da oxunur, dərsliklər dərc edilir – məndə biri var, mırta) dillərinə qədər. Lakin bütün layihələr arasında yalnız Esperanto özünün təkmilliyini XX yüzillik boyu daim təsdiq etdi. Və bütün bunlar heç də tək onun sadəliyi ilə (Esperantoda cəmi 20-ə qədər qayda var və onlardan heç bir istisna yoxdur) deyil, həm də Zamenhofun əsasını qoyduğu Homaranismo adlı fəlsəfəsi ilə bağlıdır. Çünki Zamenhof insanlığa tək süni dil gətirmədi.
Zamenhof anladı ki, doğma Belostokda (o zaman, yəni ki, 1859-ci ildə Belostok Rusiya İmperiyasının tərkibində olna Polşanın bir şəhəri idi) müxtəlif millətlərin biri-birinə inamsızlığı və hətta düşmənçiliyi onların biri-birilərinin dərdini, qayğısını, sevincini anlamaması ilə bağlıydı. Çünki heç bir millət başqasını eşitmək üçün başqasının dilini öyrənməyə can atmırdı.
Bu günümüzə baxaq – məmurlarımız ağız dolusu bütün kanallarda “informasiya müharibəsini uduzuruq, kompüter, internet texnologiyalarında geri qalırıq, xarici dilləri zəif bilirik” deyib bar-bar bağırırlar. Kimdir günahkar?! Erməni, Rusiya İmperiyasının müstəmləkəçi siyasəti, Andromeda dumanlığındakı ulduzların uğursuz düzülüşü?!. Əziz məmurlarım – siz. Bəli, müstəqilliyimizin 20-ci ilində əksər qüsurlardan təmizlənmiş bir nəsil yetişdirmək olardı. Nə isə…
Axı həmən o “informasiya blokadasının” qırılmasına istiqamətlənmiş siyasətin əsas elementi xarici dillərdir. Xarici dil deyən kimi də hamının ingilis yadına düşür. Amma nədən ingilis? Tək ona görə ki, İngiltərə vaxtilə dünyanın yarısını işğal etmişdi?! Amma, məsələ üçün, cəmi 100 il əvvəl fransız dili əsas beynəlxalq dil idi. Optimistlər və pessimistlər – bu gün isə hamı etiraf edir ki, cəmi 20 il sonra bu cür – əsası beynəlxalq dil artıq mandarin olacaq. Meyvə yox ha!
Deməli, azərbaycanlı, ermənistanlı, gürcüstanlı kimi xırda azsaylı xalqların nümayəndələri elə hey külək əsən tərəfə baxmalıdırlar?! Bəyəm biz flügerik?!
Bu cür xoşagəlməz suallara “Yox!” cavabı verməyə ümid var – bu, Esperantodur.
Esperanto bizə öz milli mənliyimizi ayaq altına atmadan əcnəbi ilə ünsiyyət saxlamağa imkan verəcək. Mən xarici dili nə qədər gözəl öyrənsəm də, onun doğma olduğu şəxsdən yaxşı bilməyəcəm, çünki o dili hiss etməyəcəm. Həm də, heç ağlınıza gəldimi ki, bəs ingilislə danışmaq üçün ingilis dilini öyrəndiyim zaman, həmən dili anadangəlmə bilən ingilis (amerikan, avstraliyalı, kanadalı, irland, bla-bla-bla) həmin zamanı, həmən enerjini digər, daha faydalı sahələrə yönəldəcək. Deməli, bizlər hər zaman bir addım geridə olacağıq.
Esperantonun da üstünlüyü məhz onun neytrallığındadır. O heç kimin, yəni ki, hamınındır. Özündə əcnəbilərin anlaması üçün çətin olan elementlərdən tamamilə azaddır. Deməli, bir ingilis, bir çinli, bir fransızla ünsiyyətim zamanı mən öz milli mənliyimin yerə atıldığını hiss etməyəcm – biz imkanlar, hüquqlar və qaydalar bərabər olan neytral məkanda görüşürük.
Bu səbəblərdən Esperanto nəinki filoloji baxımdan, həm də siyasi baxımdan ünsiyyət vasitəsi kimi çox uğurlu bir həlldir.

Esperantonu necə öyrənməli?

İlk Esperanto dərsliyi

İlk Esperanto dərsliyi

İndi deyin, onu öyrənməyə nə mane olur?
– Vaxt azdır?!
Esperantonu ən primitiv səviyyədə mənimsəmək üçün cəmi 1 həftə lazımdır. Gündə 1-1,5 saat sərf etməklə 1 aydan sonra siz sadə mövzularda sərbəst oxuyub-danışacaqsınız.
– Öyrəndim, kiminlə danışacam?!
Düzdür, Esperanto cəmi bir neçə min insan üçün doğma (birinci) dildir (qəribə səslənsə də, belələri də var), lakin bu gün bütün dünyada 2000000 (!) esperantoda bu və ya digər səviyyədə danışan insan var. Dünyada 3000 dildən maksimum 100 (3%) ən azı 2 milyon adam bilir.
– Ondansa daha faydalı olan başqa, məsələn, ingilis (fransız, alman, ispan, ərəb, italyan, suaxili, tabasaran…) dilini öyrənərəm. Və ya – artıq ingilis (fransız, alman, ispan, ərəb, italyan, suaxili, tabasaran…) dilini bilirəm. Bu mənim nəyimə lazımdır?
Birinci qrup “bəhanə”çilərinə deyə bilərəm ki, Esperanto süni dil olsa da, o gündəlik həyatdan təcrid olunmuş şəkildə yaranmayıb – onun qrammatikası, xüsusən də, lüğət tərkibi dilin ümumi qanun-qaydalarına uyğunlaşdırılaraq əsas Avropa dillərindən götürülmüşdür. Ona görə də, xarici dilləri öyrənmədə əvvəllər problemləriniz olmuşdursa, Esperantonun əsaslarının çox qısa müddətdə mənimsənilməsi bir tərəfdən sizə öz imkanlarınıza inanmağa köməklik edəcək, digər tərəfdən xarici dillərlə işləmək vərdişləri aşılayacaq, o biri tərəfdən başqa dilləri öyrənərkən artıq Esperantodan bildiyiniz sözlərlə və qrammatik strukturlarla yenidən “görüşmək” sevincini bəxş edəcək. Yox, əgər siz, fikirinizcə, artıq yetəri qədər xarici dil bilirsinizsə, bu halda da asanlıqla Esperantonu öyrənib, tez-tez tanış sözlərə rast gəlib, təbii dillərin qaydalarının idealını – istisnasız qanunauyğunluğunu görəcəksiniz.
Burada Esperanto lüğətində “A” hərfinə başlayan bir neçə söz vermişəm. Əgər siz lüğətsiz birinci sütundakı sözləri başa düşürsünüzsə, təbrik edirəm, Esperantonun 10%-ni artıq bilirsiniz. İkinci siyahını da başa düşdünüzsə, düşünün ki, 25% cibinizdədir 😉
Baxın, bu qədər:

Absoluta – mütləq
Abstrakta – mücərrəd
Adekvata – müvafiq
Administracio – idarə
Adreso – ünvan
Afiŝo – elan
Agento – nümayəndə
Akademio – akademiya
Aktiva – fəal
Aktoro – aktyor
Alternative – alternativ
Altruismo – xeyriyyəçilik
Ananaso – ananas
Anekdoto – lətifə
Anonco – anons
Apartamento – mənzil
Aresti – həbs etmək
Aromo – ətir
Atako – həmlə
Asocio – ittifaq
Aŭtoro – Müəllif

Aboni – abunə olmaq (abonent)
Afero – iş (aferist)
Agi – fəaliyyət göstərmək (agent)
Akcepti – qəbul etmək (aksept etmək)
Akvo – su (akvarium)
Alia – başqa (alibi)
Alta – hündür (altmetr)
Ami – sevmək (Amur)
Aparta – ayrı (apparteid)
Arto – incəsənət (artist)
Artikolo – məqalə (artikul)
Aspekti – görünmək (aspekt)

Hələlik bu qədər. İnşallah, növbəti yazılarımdan birində Esperantonun ən primitiv əsasları haqda da məlumat verəcəm.

Advertisements
 
12 Şərh

Müəllif Açıq Sentyabr 13, 2010 in Чёрная кошка, белый кот

 

Etiketlər: , , , , ,

Yazı 6. Əks-səda: Dillər” üçün 12 cavab

  1. Tural

    Sentyabr 13, 2010 at 7:59 səhər

    Həddindən artıq maraqlıdır. Esperanto dilini azərbaycanlılara öyrətmək üçün başqa nə bilirsinizsə yerləşdirin. Təsəvvür etməzdim ki esperanto dili bu qədər yayılıb.

     
  2. travnik

    Sentyabr 13, 2010 at 9:22 səhər

    Yazımı bəyəndiyiniz və mövzuya maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Bildiyim qədəriylə Azərbaycanda esperantistlər var, amma hamısı pərən-pərəndir və heç bir nə təşkilat var, nə də görüşlər keçirilmir. Əslində internet Esperanto-hərəkatının genişlənməsinə yeni təkan olmuşdur.
    Məndə bir neçə kitab var, amma ruscadır, internetdə də materiallar həddən artıq çoxdur. Maraqlıdırsda, bəzi keçidlərlər bölüşə bilərəm, amma dediyim kimi, mənə faydalı olmuş rusdilli mənbələrdən.

     
  3. bloggabaz

    Sentyabr 18, 2010 at 11:34 səhər

    Travnik, belə təbliğat kifayət etmir, sən gərək bizi inandıraydın ki, niyə ingilis və ya fransız dilini atıb bu dili öyrənməliyik. Hal-hazırda süni dillər ölü dilləri daha çox xatırladır. Mən hesab edirəm ki, bu iş perpsektivsizdir, amma əlbəttə ki mırta öyrənmək olar. Bəs bu mənə nə verəcək? İngilis və ya rus dillərində analoqu olmayan informasiya mənbələri? İnandırıcı görsənmir.

    Post çox informativdir və maraqlıdır. Lakin təbliğatın zəifdir 🙂

     
  4. Azer Tarverdiyev

    Fevral 21, 2012 at 8:19 səhər

    Heyif ki, bu qədər gec oxuyuram bu məqaləni. Əla yazmısan. 🙂 “Mən xarici dili nə qədər gözəl öyrənsəm də, onun doğma olduğu şəxsdən yaxşı bilməyəcəm, çünki o dili hiss etməyəcəm. Həm də, heç ağlınıza gəldimi ki, bəs ingilislə danışmaq üçün ingilis dilini öyrəndiyim zaman, həmən dili anadangəlmə bilən ingilis (amerikan, avstraliyalı, kanadalı, irland, bla-bla-bla) həmin zamanı, həmən enerjini digər, daha faydalı sahələrə yönəldəcək. Deməli, bizlər hər zaman bir addım geridə olacağıq.” Bunu isə xüsusilə.. ))
    Nəticə:Məni bu dilə maraq göstərməyə ( öyrənməyə ) təşfiq elədin.

     
    • travnik

      Fevral 21, 2012 at 10:02 səhər

      Azər, bəyəndiyinzə, ən əsası isə təsirlindiyinizə və faydalındığınıza şad oldum. İnşallah mövzy barədə sualınız olarsa hər zaman mənə əmlinliklə müraciət edərsiniz. Düzü, növbəti xtisaslaşmış bloqlarımdan birini məhz dilçiliyə, xüsusən də maraqlandığım süni və ölü dillərə həsr etmək istəyirəm. Vaxt yoxdur 🙂

       
  5. travnik

    Fevral 21, 2012 at 11:58 səhər

    Süni dillər, xüsusilə də Esperanto haqqında çox gözəl video. Yüklə (62 Mb) http://ironau.ru/khaebic/konlangi.zip

     
  6. Azer Tarverdiyev

    Fevral 21, 2012 at 1:40 axşam

    Elbette, beyenmişem. Umumiyyetle, sizin bu işleriniz nümunevidir. İnan, işimle elaqedar çox az vaxtım olur. Ama, her defe bir yazınızı oxumağa çalışıram. Arzu ederdim ki bu istiqamətdə də davam edəsiziniz. Bizim ortaq müəllimimiz də olub. Erkin m. Mən o vaxt politologiyada oxuyurdum. Hazırda elə uzaqdan-uzağa məlumatım var onun haqqında. O vaxtlar ele müəllimlər yox dərəcəsin-də idi. Öz dostlarıma da məsləhət görürəm ki yazılarınıza baxsınlar burda. Bu yazınız daha çox xoşuma geldi. “Üslub”u güclüdür yazının. Ciddi. Hə bir də ki, nə vaxtsa əlavə iş kimi müllimliklə də məşğul olun. Ehtiyac var sizə.

     
  7. Azer Tarverdiyev

    Fevral 21, 2012 at 8:02 axşam

    BDU-da MÜƏLLİMLİK etməyə imkan vermirlər. 🙂 Fikrimcə, sən heç olmasa Qafqaz Universitetində müəllim ola bilərdin. Təbii əlavə iş kimi. Oxumuşam o yazını. 🙂 Bir xeyli vaxt olar.

     
    • travnik

      Fevral 22, 2012 at 5:23 səhər

      Baxaq da, sağlıq olsun, niyə də olmasın 🙂

       

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: